Ukraynalı teleaparıcı və politoloq, Petro Poroşenkonun tərəfdarı olan Taras Berezovets “Paris Allah anası kilsəsi”nin yanması ilə bağlı yazmış olduğu postu silib.
Teleqraf.com-un məlumatına görə, o yazıb:
“Fransa Prezidenti Emmanuel Makronun bəxti yaxşı gətirdi ki, Zelenskinin səfərindən sonra yalnız “Paris Allah anası kilsəsi” yandı, Yelisey Sarayı yanmadı”.
Bu post həm siyasətçilərin, həm də adi vətəndaşların kəskin etirazına səbəb olub. Fransanın Ukraynadakı səfiri İzabel Dyümont xarici işlər naziri Pavel Klimkinə bu postdan hiddətləndiklərini çatdırıb.
“Bu, məhdudiyyətsiz bir zarafat idi. Ancaq o “95-ci kvartal”ın (“95-ci kvartal” Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin əsasını qoyduğu, bədii rəhbəri və lideri olduğu studiyanın adıdır-müəllif) zarafatlarının 90 faizindən prinsipcə nə ilə fərqlənirdi? Buna baxmayaraq, Fransa Prezidenti və Ukraynadakı səfir elə insanla bir masa arxasında oturdular ki, o insan çoxlu sayda zarafat müəllifidir və buna görə Avropada uzun müddət işsiz qala bilər”, – deyə T.Berezovets “Feysbuk” səhifəsində yazıb.
O, əlavə edib ki, kimlərinsə hisslərinə toxunmaq niyyəti güdməyib və üzrxahlıq edib. Daha sonra postu silib.