Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin İnformasiya Nazirliyinin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfərin öldüyü bildirilir.
Binaya hücum edən silahlı qruplaşma ilə mühafizə xidməti əsgərlərinin atışması nəticəsində ölənlərin dördü mülki şəxs, üçü isə hərbçilərdir. Hökumət mənbələri bu terror aktında “Taliban”ı ittiham etsələr də, hərəkatın sözçüsü bunu təkzib edib.
Nazirliyin binası Kabilin mərkəzində - əcnəbilərin qaldıqları otellər və Prezident sarayının olduğu ərazidə yerləşir. On səkkiz mərtəbəli binada olan dövlət qulluqçuları atışmanın davam etdiyi dörd saat ərzində buradan çıxa bilməyiblər. Sonra onları təxliyə ediblər və yaralanan doqquz mülki şəxsi də xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada “Taliban” və ABŞ arasında aparılan sülh danışıqlarında da fasilə yaranıb.