“Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik göndərmədi, ona ilk böyük pisliyini də etdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, Putinin fərmanı ilə Donetsk və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək:
“Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir.
Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər.
Kreml hətta nə vaxtsa hipotettik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar çoğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar. Çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb”.