6 May 2019 16:50
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışının ana maddələri bunlar idi: İslahatlar bir neçə istiqamətdə aparılır, yeni sosial-iqtisadi model hazırlanır. Buna baxmayaraq, prezident hər iclasda olduğu kimi yerli icra hakimiyyəti başçılarının yenidən bu sözlərlə xəbərdar etdi: “Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”. Prezident ictimai nəzarətin güclü olması fikrini də təkrarladı.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin ötən həftəyə dair hazırladığı qısa analizdə öz əksini tapıb.

Qeyd olunur ki, Gürcüstan-Azərbaycan sərhədindəki son olaylar və gürcü rəsmilərin sərhədlə bağlı çoxsaylı açıqlamaları həftənin digər yadda qalan hadisəsi idi:

“Başda Gürcüstan prezidenti olmaqla gürcü rəsmilərinin tamamı həftə ərzində verdikləri açıqlamalarda sərhədin qalan 34 faizinin qısa zamanda müəyyənləşməsinin vacibliyini bildirdilər. Gürcü rəsmiləri bunu o şəkildə səsləndirdilər ki, sanki Gürcüstanın strateji tərəfdaşı Azərbaycanla sərhədi tələsik müəyyənləşməsindən başqa dərdi yoxdur.

Rəsmi Bakı Tiflislə münasibətlərin gərginləşməsində maraqlı deyil. Bəlkə də elə buna görə Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Halbuki, Xələf Xələfov 5 ay öncəyə qədər elə bu vəzifədə idi. Görünür, Azərbaycan Prezidenti də Gürcüstanla sərhəd mövzusunda danışıqları gecikdirmək istəmir. Sərhəd mövzusunda peşəkar diplomat olan Xələf Xələfov Gürcüstanla danışıqlarda Azərbaycanı təmsil edəcək”.

Analizdə bildirilir ki, həftənin digər vacib hadisəsi kimi 1-3 may tarixlərində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimləri göstərmək olar:

“İki ölkə arasında birgə hərbi təlimlər tez-tez keçirilir. Eyni günlərdə Türkiyədə beynəlxalq hərbi sərgi keçirilirdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədəki sərgidə iştirak etdi. Azərbaycan Türkiyənin istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan Türkiyədən daha çox hərbi texnika ala bilər. Ermənistan və Dağlıq Qarabağ separatçıları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından narahatdırlar. Onlar Azərbaycan-Türkiyə hərbi təlimlərini özləri üçün təhlükə kimi görürlər. Erməni separatçıları hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa hücum əməliyyatları həyata keçirə bilər. Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. Separatçılar haqlıdırlar. Azərbaycan Türkiyə ordusunun döyüş təcrübəsini öyrənir. Azərbaycanın Türkiyədən alacağı hərbi texnikadan gələcəkdə istifadə oluna bilər. Türkiyə Azərbaycanda hərbi bazalar yerləşdirərsə, bu, Azərbaycan torpaqlarını işğal edən Ermənistanı daha çox qorxudacaq.

İrəvanda Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin baş nazirlərinin toplantısı da diqqəti cəlb edirdi. Bu toplantı bir daha göstərdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi davam etdirmək istəyir. Halbuki, Paşinyan hakimiyyətə yeni gələndə balanslı xarici siyasətə üstünlük verəcəyini deyirdi. Paşinyan Avropa və ABŞ-dan ümid etdiyi maliyyə dəstəyini ala bilmədiyinə görə Rusiya ilə strateji müttəfiqliyin davamına üstünlük verdi”.

Analizdə bildirilir ki, keçən həftə NATO ilə Azərbaycan arasındakı əməkdaşlğın 25 ili tamam oldu:

“Bu əməkdaşlığın bünövrəsi 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin NATO-nun mənzil-qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzalaması ilə başladı. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir, NATO Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir, Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təhsil proqramlarına qatılırlar və bu Azərbaycan ordusunun bütün istiqamətlərdə NATO standartlarına yaxınlaşmağa imkan verir, NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”.

O da bildirilir ki, ötən həftə ABŞ İrandan neft alan ölkələrə qarşı da sanskiyaların tətbiqinə başladı. “Sanksiya mexanizmi hələ işə düşməyib. Ancaq bəllidir ki, hədəfdə Türkiyə də var. Türkiyənin İran neftindən tamamilə imtina etməsi problematikdir. İrana qarşı neft embarqosunun neftin qiymətlərinə və ümumilikdə regional proseslərə mənfi təsirləri olacaq”, – deyə analizdə qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər