19 May 09:45

Bu gün Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilir.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo və Zestafoni rayonlarına icra başçıları seçiləcək. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə də seçkilər keçirilir. Məntəqələr Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunub.

Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Seçkilər ölkə üzrə 410 seçki məntəqəsində keçiriləcək. Bu məntəqələrdə 402 min 91 seçici qeydiyyata alınıb.

Səsvermənin gedişini 49 yerli təşkilatdan 6139, 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi izləyir.

Eyni zamanda 45 KİV-dən 1917 jurnalist səsvermənin gedişini müşahidə edir.


Müəllif: Teleqraf.com