Türkiyənin müdafiə naziri Hulusi Akar Ankarada keçirdiyi mətbuat konfransında Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına ilə bağlı ABŞ-la aparılan danışıqlarda inkişaf müşahidə edildiyini bildirib. Bununla belə o qeyd edib ki, Türkiyə CAATSA qanunu üzrə (“Sanksiyalar vasitəsilə Amerikanın rəqibləri əleyhinə fəaliyyət göstərmək”) mümkün sanksiyalara hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi xəbər yayıb.
H.Akar qeyd edib ki, Türkiyə hazırda “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı ilə əlaqədar Vaşinqtonun son təklifini öyrənir, eyni zamanda S-400-lər üzrə təlim keçmək üçün Rusiyaya hərbçilər yollayır.
“Bizim Rusiya ilə çox yaxşı əlaqələrimiz var, biz müqavilə bağlamışıq və bunu yerinə yetirməyi planlaşdırırıq”, – deyə o bildirib.
Türkiyə hərbi idarəsinin rəhbəri həmçinin, qeyd edib ki, Türkiyə F-35 proqramı çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə davam edir. O, bu istiqamətdə işlərin davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, CNBC televiziyası öz mənbələrinə istinadən Birləşmiş Ştatların S-400-lərlə bağlı Türkiyəyə son ultimatumunu təqdim etdiyinə dair məlumat yayıb. Ultimatumda iyun ayının ilk həftəsinin sonuna kimi Türkiyənin S-400-lərin alışından imtina etməsi tələb olunub. Əks təqdirdə Ankara F-35 proqramından çıxmalı, sifariş verilmiş 100 hərbi təyyarədən məhrum edilməli və Amerikanın sanksiyalarına məruz qalmağa hazır olmalıdır.