Portuqaliya Sosialist Partiyası Avropa Parlamentinə (AP) seçkilərdə 33,38 faiz səslə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bu səs faizi Sosialist Partiyasına AP-də 6 yerlə təmsil olunmağa imkan verəcək. Ölkənin Daxili İşlər Nazirliyi bülletenlərin yüz faizinin sayılmasından sonra bu məlumatı açıqlayıb.
İkinci yeri sağ-mərkəzçi Sosial-Demokrat Partiyası qazanıb. Bu partiya 21,94 faiz səslə 4 deputat mandatı əldə edəcək. Qalan yerləri digər partiyalar götürüb.
Bazar günü keçirilən seçkidə seçicilərin cəmi 31,5 faizi iştirak edib. Halbuki, seçkidə təxminən 10,5 milyon adam iştirak edə bilərdi. AP-də Portuqaliyanın payına düşən 21 yerə 17 partiya və koalisiya iddia edib.
Mayın 23-26-da Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə keçirilən seçkilər nəticəsində növbəti 5 il üçün Avropada siyasi qüvvələr nisbəti formalaşacaq.