Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Ərdəbil İnqilab Məhkəməsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma ittihamlarla üzləşdiyi məlum olub.
Fəal irəli sürülən bütün ittihamları rədd edərək vurğulayıb ki, ETTELAAT İdarəsinin nəşrə hazır olan elmi əsərini müsadirə etməsinə haqq qazandırmaq üçün bu cür əsassız ittihamlar meydana çıxıb. O əlavə edib ki, bu kimi ittihamların əsas hədəfi Azərbaycanda gedən mədəni milli hərəkatı radikal göstərməkdir.
Qeyd olunur ki, Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.
Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.