Ukrayna ərazisinin bir hissəsinin Macarıstana məxsus olduğunu göstərən xəritə “Karpataliya” qəzetində dərc olunub.
Teleqraf.com xəbər verir ki, Ukraynada fəaliyyət göstərən Zakarpatya Macarlar İttifaqının nəşri olan qəzetlə bağlı Ukrayna xarici işlər nazirinin müavini Yeqor Bojok tərəfindən ölkənin Baş Prokurorluğuna və Təhlükəsizlik Xidmətinə müraciət olunub.
“Zakarpatya Macar Mədəniyyəti Cəmiyyətinin “Karpataliya” qəzetinin ön səhifəsində “Macar, qalx!” şüarı ilə əks olunmuş illüstrasiyada Ukraynanın bəzi əraziləri Macarıstana məxsus ərazilər kimi göstərilib. Separatizm! Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti bununla mütləq məşğul olmalıdır”, – deyə Bojok ”Tvitter” hesabında bildirib.
O əlavə edib ki, bununla bağlı Ukrayna Baş Prokurorluğuna və Təhlükəsizlik Xidmətinə müraciət imzalayıb.