Ermənistanın hüquq-mühafizə orqanları Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində iştirak etməkdə şübhəli bilinən şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan məlumat verib.
O bildirib ki, sözügedən şəxslə bağlı Ermənistanda 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
“Ermənistan Baş Prokurorluğu rusiyalı həmkarlarına müraciət edərək həbs barədə məlumat verib, həmçinin, həbs edilmiş şəxslə bağlı cinayət işinin aparılması üçün işi onlara verməyi xahiş edib”, – deyə A.Xaçatryan bildirib.
Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsinin Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş döyüşçüsü, Suriyadakı hərbi əməliyyatların iştirakçısı Nikita Belyankin iyunun 1-də Krasnoqorskda baş verən kütləvi dava zamanı öldürülüb.
Bundan əvvəl Krasnoqorsk şəhər məhkəməsi keçmiş xüsusi təyinatlının ölümündə şübhəli bilinən Sergey Xocayanı həbs etmişdi. Ümumilikdə, davada şübhəli bilinən 9 nəfər tutulub.