ABŞ Dövlət Departamenti İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) dair məxfi məlumatlar gətirənə 15 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti SEPAH-la bağlı yazılı bəyanat yayıb.
Bəyanatda bu ilin aprel ayında adı ABŞ-ın terror təşkilatları siyahısına salınan SEPAH-ın neft satışından əldə etdiyi gəlirləri terror fəaliyyətinə xərclədiyi iddia olunub.
Sözügedən təşkilata dair məxfi məlumatlar gətirənə 15 milyon dollar mükafatın veriləcəyi vurğulanan açıqlamada ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozan şəxslər və ya təşkilatlara dair məlumatlar gətirənə də mükafatların veriləcəyi qeyd olunub.
Bununla yanaşı, ABŞ Xəzinə Nazirliyi SEPAH tərəfindən Suriyaya qeyri-qanuni yollarla neft daşınmasında iştirak etmiş 20 nəfər və 11 neft tankerinə sanksiya tətbiq edib.