“Bələdiyyə seçkilərindən əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın “TRT Kürdi” telekanalına çıxarılması, AKP-nin böyük yanlışı idi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, sabiq millət vəkili Mehmet Metiner deyib.
Metiner 23 iyun seçkiləri ərəfəsində PKK-nın həbsdə olan lideri ilə bağlı qəbul etdiyi qərara görə AKP-ni sərt şəkildə tənqid edib:
“Seçkilər ərəfəsində AKP-nin atdığı addımlar xətalı idi. Bu proses ərzində İmralı həbsxanasına nümayəndə göndərildi. Bu adamı PKK liderinin yanına kim göndəribsə, rəisə (Rəcəb Tayyib Ərdoğana) böyük yanlış edib.
Vaxtilə qırmızı bülletenlə axtarılan bir terrorçunun “TRT Kürdi”yə çıxarılması da yanlış addım idi. Binəli Yıldırımın Diyarbəkirə aparılması və orada verdiyi mesajlar nəzəri olaraq doğru da olsa da, bu mərhələdə Diyarbəkirə getmək doğru deyildi”.