Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın son bəyanatı bizim mərkəzin bir neçə gün əvvəl verdiyi proqnozu doğrultdu. Qeyd etmişdik ki, ABŞ-Türkiyə ortaq patrul fəaliyyəti əslində müvəqqəti haldır.
Bu fikirləri Teleqraf.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə Prezidenti Ərdoğanın Suriyada ABŞ-Türkiyə ortaq patrul xidmətinə dair fikirlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Suriyada ABŞ və Türkiyənin maraqları bir-birinə ziddir: “ABŞ istəmir ki, Türkiyə təkbaşına YPG/PKK terror təşkilatını neytrallaşdırsın. Məhz bu məsələ üzərində tərəflər arasında mübahisə yarandı, daha sonra Türkiyəyə təklif olundu ki, ortaq hərbi patrul xidməti həyata keçirək. Türkiyə də anlayır ki, əslində bu bəhanədir və Vaşinqtonun məqsədi onun nəzarətində olan YPG terrorçularını qorumaqdır.
Türkiyə isə təkbaşına hərəkət etmək istəmir, çünku bu halda ABŞ-ın oradakı azsaylı hərbçiləri ilə üz-üzə qalacaq. Nəzərə alınır ki, münasibətlərdə nə qədər soyuqluq olsa da, əslində iki ölkə hələ ki strateji tərəfdaş hesab olunur. Məhz bu səbəbdən Ərdoğan siz dediyiniz məsələnin üzərinə gedir”.
Siyasi şərhçi əlavə edib ki, indi Türkiyə və ABŞ hərbçilərinin müştərək hərbi patrul xidməti qısa müddət çəkə bilər: “ABŞ Türkiyəyə qoşularaq PYD/YPG qüvvələrinə hücum edəcək deyil. Əksinə, bu qüvvələr Vaşinqton tərəfdən qorunur. Təhlükəsizlik bölgəsi məsələsində Türkiyə öz sərhədlərindən Suriya içinə doğru 35-40 kilometr dərinə getmək istəyir.
Bu yolla həm də YPG-nin müəyyən qədər neytrallaşdırmaq mümkün olardı. ABŞ isə bunu arzu etmədiyi üçün Türkiyə ilə sərhədin Suriya içlərinə qədər müəyyən həd qoyur. Maksimum 10 kilometr. Bu da Ankaranın maraqlarını cavab vermir, amma çıxış yolu da hələlik yoxdur, odur ki, ABŞ-la müştərək hərbi patrul xidməti aparır. Yəni sabah Türkiyə təkbaşına irləiyə getməyə qərar versə istər-istəməz amerikalı əsgərlərlə üz-üzə gəlməli olacaq.
Odur ki, Ankarada bu riski nəzərə alırlar. Hələləik Ankara ABŞ-ın bu şərtini qəbul edib, amma inanmıram ki, tərəflər sona qədər buna riayət edəcək. Türkiyənin hədəfi var və çalışacaq ki, YPG/PYD-ni mümkün qədər sətrhədlərdən uzaqda saxlasın. Sonradan Ankara çalışacaq ki, öz ərazisində olan 3 milyondan çox siriyalı qaçıqının bir hissəsini Suriya ilə sərhəddə keçirib orada məskunlaşdırsın. Amma bunun üçün oranın təhlükəsizlik şəraiti yaradılmalıdır”.
Xatırladaq ki, Prezident Ərdoğan Suriyada təhlükəsizlik bölgə yaradılması ilə bağlı ABŞ-ın addımlarını qiymətləndirib.
“Bu iş elə-belə, üç-beş helikopterin uçması, 5-10 zirehli avtomobil xidmət və bir neçə yüz əsgərin bölgədə olması ilə həll edilcək iş deyil”-Ərdoğan bildirib.
Prezident əlavə edib ki, ABŞ-ın hərəkətləri daha çox terrorçuları müdafiə etməkdir.