Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankaradakı Çankaya kompleksində danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya və Türkiyə liderlərinin görüşü mətbuata qapalı keçirilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əvvəlcə Putinlə Ərdoğanın təkbətək görüşü olacaq, sonra lazım gəldikdə iki ölkənin nümayəndə heyətlərinin üzvləri prezidentlərə qatılacaq: “İndi təkbətək görüş gedir, əgər prezidentlər zəruri hesab edərlərsə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək”.
Ankarada Rusiya nümayəndə heyətini prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak və Rusiya Prezidentinin Suriya böhranının nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev təmsil edir.
Görüş başa çatdıqdan sonra Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə Suriyadakı vəziyyətin nizamlanması üçün üçtərəfli zirvə görüşü başlayacaq.