İsraildə baş tutan parlament (Knesset) seçkilərinin nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, seçkilərin ilkin nəticəsində Baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının təkbaşına koalisiya hökuməti qura bilməyəcəyi məlum olub.
Keçmiş baş qərargah rəisi Benni Qantzın liderliyindəki Mavi-Ağ Koalisiya 33, Likud isə 31 mandat qazanıb.
Keçmiş müdafiə naziri Aviqdor Libermanın “İsrail Evimizdir” Partiyası, keçmiş ədliyyə naziri Ayelet Şakedin liderliyindəki Yamina və daxili işlər naziri Arye Derinin Şas partiyaları isə 8 mandat yeri əldə edib.
Birləşmiş Ərəb Liqası 11mandatla üçüncü, Əmək və Demokratiya İttifaqı isə 5 mandat alıb.
Radikal sağçı Otzma Yəhudit (Yəhudi Gücü) Partiyası isə parlamentə düşə bilmək üçün barajı keçə bilməyib.
Nəticələr həm Netanyahu, həm də Qantz Libermanın başçılıq etdiyi partiyanın dəstəyi olmadan koalisiya hökuməti qura bilməyəcəyini göstərir.
Əlavə edək ki, koalisiya hökumətinin qurulmasında iştirak edəcək Aviqdor Liberman müdafiə naziri olduğu dönəmlərdə Azərbaycana yaxınlığı ilə seçilib. O bu seçkilərdən sonra qurulacaq koalisiya hökumətinin baş naziri olmaq üçün ən şanslı namizədlərdən biri sayılırdı. İlkin nəticələrdən sonra Libermanın baş nazir postuna şansı azalsa da, hökumətdə mühüm postlardan birini tutacağı mümkündür.