Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
Teleqraf.com xəbər verir ki, Ukrayna Uşaq Kardioloji Mərkəzin direktoru, uşaq kardio və ürək cərrahı, professor İllya Yemets səfərin məqsədi haqqında məlumat verib.
O bildirib ki, Azərbaycanda tibb təhsilinin strukturu ilə tanış olmaq, ATU-da mövcud tədris sistemini öyrənmək, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər.
Professor İ.Yemets Ukraynada tibbi sığorta sisteminin tam tətbiq olunmadığını, bu sahədə mövcud problemlərdən danışıb. Qonaq gələcəkdə ATU ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ortaq layihələrin icrası ilə bağlı işlərin aparılmasının tərəfdarı olduğunu da bildirib.
Qonaqla görüşdə ATU rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbdə artıq iki pilləli təhsis sisteminin mövcud olduğunu, 6 illik baza təhsilindən sonra rezidenturanın tətbiq olunduğunu bildirib: “ATU-nun həkim, müəllim və tələbələr, o cümlədən müştərək elmi işlərin hazırlanması ilə bağlı bir çox xarici ölkə universitetlərlə sazişləri var. Bunların əksəriyyyəti türkdilli ölkələrin universitetinə aiddir. Türkiyənin 30 universiteti ilə qarşılıqlı əməkdaşlığa dair müqaviləmiz var”.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərinin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub.