“ABŞ Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son həll səylərini dəstəkləyir, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə böyük əhəmiyyət verir. ABŞ tərəflərlə birlikdə Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Ceyms Gilmor Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, həmsədrlərin vasitəçiliyi ilə vəziyyət bir il əvvəlkindən xeyli dəyişib:
“Son aylar təmas xəttindəki itkilərdən narahatıq. Bu itkilər vəziyyətin gərgin olduğunu göstərir. Bu cür hadisələr inamsızlığı və düşmənçiliyi daha da artırır, davamlı nizamlanma perspektivlərini azaldır, eyni zamanda xarici işlər nazirləri və liderlər arasındakı yüksək səviyyəli konstruktiv təmaslar bizi ruhlandırır”.
Onun sözlərinə görə, müsbət dəyişikliklər belə bir səviyyədə təmasların nəticəsi olmalıdır və ola bilər:
“Tərəfləri bu il ərzində müzakirə edilən konkret tədbirlər, əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün xüsusi humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Eyni zamanda, tərəflərin əsirlərin dəyişdirilməsi və ya sərbəst buraxılması barədə təşəbbüslərini alqışlayırıq. Yalnız nəzəri razılaşmalar kifayət deyil, tərəflər bu müqavilələri praktiki olaraq həyata keçirməlidir”.
Gilmor ölkələrin əhalisini sülhə hazırlamağın və qarşılıqlı ittiham və təhqirlərdən çəkinməyin vaxtının gəldiyini ifadə edib.
O, ABŞ-ın təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv bir mühit yarada biləcək ermənilərlə azərbaycanlılar arasında etimadın yaradılması tədbirlərini dəstəklədiyini vurğulayıb.