Suriya Prezidenti Bəşər Əsəd Ağ Dəbilqəlilər terror təşkilatının qurucusu Ceyms Le Mösüyerin Türkiyədə (İstanbul) öldürülməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, ingilis kəşfiyyatına bağlı Mösüyerin öldürülməsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rolunun olduğunu istisna etməyib.
Əsəd qeyd edib ki, ingilis agent CIA-ın Avropadakı kəşfiyyat şəbəkəsi tərəfindən qətlə yetirilib. O bu səbəbdən sui-qəsd planını təlimat əsasında Türkiyə kəşfiyyatının həyata keçirdiyini deyib.
Suriya başçısı Le Mösüyerin qətlini İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadi və Əl-Qaidə lideri Üsamə bin Ladeninin öldürülməsi ilə müqayisə edib:
“Bağdadi və Bin Laden niyə öldürüldü? Çünki sağ qalsaydılar, həqiqətləri açıb deyəcəkdilər. Bəlkə də Ağ Dəbilqəlilərin qurucusu da ona verilən təlimat və həyatı haqda kitab yazmağı düşünürdü. Bu isə Qərb kəşfiyyatı üçün qəbuledilməz idi. Bunlar ehtimallardır, amma ciddi ehtimallardır”.
Ceyms Le Mösüyer ötən həftə İstanbulda qətlə yetirilib. Hələlik onun kim tərəfindən öldürülməsi məlum deyil.