Lev Tolstoy Tula əyalətinin Yasnaya Polyana kəndində zəngin ailənin dördüncü övladı olaraq doğulmuşdu. Atası qraf, anası isə şahzadə idi. Atası Nikolay İliç, eyni zamanda Napoleonla savaşda iştirak etmiş keçmiş hərbçi idi. Tolstoy hələ üç yaşında olanda anasını itirmişdi. Anasının ölümündən sonra otuz altı yaşlı ata uşaqları bibilərinin qəyyumluğuna verdi.
Teleqraf.com rus yazıçı Lev Tolstoy haqda yazını təqdim edir.
Tolstoy səkkiz yaşına gələndə atası onların ciddi təhsillə məşğul olmasının vacibliyini düşünərək Moskvaya köçmək qərarı verdi. Moskvada keçən illərdə bibisi Tolstoy haqda “Bu uşaqda bir düha var, o, kiçik Molyerdir” demişdi.
Fransız dilində danışan modabaz
Gün keçdikcə Tolstoy özünü göstərməyə başladı. Doqquz yaşına gələndə isə atası bir cinayətin qurbanı oldu, səyahətlərin birində köləsi pul üçün onu zəhərlədi. Atasının ölümündən sonra nənəsi də çox yaşamadı, həyata gözlərini yumaraq uşaqları tamamilə bibilərinin ümidinə buraxdı. Bu hadisədən sonra Nikolay, Sergey Moskvada qaldı, Dmitri, Lev və Maşa isə kəndə geri qayıtdı.
Tolstoy on iki yaşınadək kənddə qaldı. Aleksandra bibisi öldükdən sonra qəyyumluq tamamilə Tatyana bibidə qaldı. O isə uşaqları ərinin yaşadığı Kazan şəhərinə apardı.
Bibisinin ərinin kobud davranışları Tolstoyun yaddaşında dərin izlər buraxdı və həyatına yeni bir istiqamət verdi. Yeniyetməlik yaşına girən Tolstoy bu illərdə fransız dilində danışan, dəbdəbəli geyinin bir modabaz idi.
Qərarsızlıq, ya da güc əksikliyi…
On beş yaşında Kazan Universitetinə daxil olsa da, yaxşı tələbə deyildi. Rəqs, qadın, əyləncə və içki düşkünü Tolstoy kursda qalaraq məktəbi buraxdı. On yeddi yaşında hüquq fakültəsinə girdi, lakin iki il sonra buranı da buraxdı. On doqquz yaşında Yasnaya Polyana kəndi Tolstoya miras qalmışdı.
İntizamlı bir məktəbdə təhsil ala bilməyəcəyini başa düşərək öz yolunu seçdi. “İnsan ancaq başqaları üçün işləyərək xoşbəxt ola bilər” düşüncəsiylə kəndlilərə kömək etmək məqsədilə Kazandan kəndə qayıtdı. Bir müddət burada təsərrüfat işləri ilə məşğul oldu, kəndlilərə kömək etdi.
Lakin sonradan Moskva və Sankt-Peterburq kimi hərəkətli şəhərlərə üz tutdu. Amma yenidən kəndə qayıdaraq bu qeyri-müəyyənliyini belə ifadə etdi: “Qərarsızlıq, ya da güc əksikliyi, öz-özünü aldatmaq, tələskənlik, yersiz utanmaq, qarışıqlıq, təqlidçilik, mürtədlik, düşüncəsizlik”.
Ədəbiyyatla diriliş
İyirmi üç yaşında üzləşdiyi psixoloji sarsıntılardan xilas olmaq məqsədilə gözlənilməz bir qərarla Qafqaza zabit olan böyük qardaşının yanına gəldi və müsəlmanlara qarşı döyüşən rus birliklərinə qoşuldu. Burada qarşılaşdığı yoxsulluq və səfalət içində yaşayan insanlar Tolstoyun realizminin əsas mənbəyinə çevrildi.
Krım müharibəsində iştirak etməklə dünyagörüşü dəyişdi, həyat təcrübəsi fərqli yönə döndü.
İlk əsəri “Uşaqlıq”ı da müharibələr və əyləncələrdən sonra boş qalan vaxtlarında yazdı. Bura qədər olan həyatını yeni bir üslubda izah edən əsər dönəmin ən məşhur, Nikolay Nekrasovun təsisçiliyi ilə yayımlan ədəbiyyat jurnalı “Sovremennik”də “Uşaqlığımın tarixçəsi” adı, L.N. imzasıyla çap olundu və uğur qazandı.
Tənqidçilər əvvəllər kim tərəfindən yazıldığı məlum olmayan əsəri müsbət qarşıladı. Əsərin Tolstoya aid olduğunu öyrənən Nekrasov dönəmin məşhur yazıçılarına verilən qədər qonorarın ona da veriləcəyini dedi. Beləliklə, iyirmi üç yaşında yazdığı əsərlər dövrünün məşhur yazıçıları sırasında öz adını yazdırdı.
Qan və ölüm
Qafqazda üç il yaşadıqdan sonra Sevastopol savaşına qatıldı. Bu savaşda leytenant rütbəsi aldı. Burada “Savaş, mizraqlı, barabanlı bayram deyil, mənzərəsi qan və ölümdür” ifadəsinə yer verdiyi məşhur “Sevastopol” əsərini yazdı. Lakin müharibə vaxtı gördüyü dəhşətli mənzərələrə dözməyərək, ordudan ayrılıb Sankt-Peterburqa yerləşdi. Burada bir tərəfdə radikal demokrat olan Çernişevskinin, digər yanda liberal Turgenevin təmsil olunduğu iki ədəbi düşərgə ilə uzlaşmayaraq Yasnaya Polyanaya döndü.
İyirmi doqquz yaşında Avropaya gedərək bir müddət Almaniya, Fransa və İsveçrəni dolaşdı. Bu səyahət vaxtı kübar cəmiyyət və materializmin təsiri altına düşdü, habelə kəndlilərin təhsili ilə maraqlanmağa başladı. Təhsilin hər şagirdin öz şəxsi marağı və istiqamətinə görə verilməsinin vacib olduğunu düşünürdü.
Həm əxlaqlı, həm də qumarbaz
Yasnaya Polyanada sərbəst təlim-tərbiyə və təhsilin verildiyi bir kənd məktəbi açdı. Otuz iki yaşında yenidən Fransa, Almaniya və Belçikaya getdi. Bu ölkələrin təhsil sistemləri ilə yaxından tanış oldu. Bu araşdırmalarının nəticəsində Qərbin süni və maddi sivilizasiyasını insanı yoldan çıxaran amil kimi qəbul etməyə və bu fikirlərini yaymaq üçün pedaqoji jurnal nəşr etməyə başladı.
Sadə və asan anlaşılan dərs kitabları çap etdirdi. Həmin dövrdə əxlaq fəlsəfəsi də formalaşmağa başlamışdı. Qərbə bu düşüncələri aşıladığı bir dövrdə Avropa qumarxanalarında çoxlu pullar itirdi.
Rusiyaya qayıdanda təhkimçilik ləğv edilmişdi. O da öz bölgəsindəki keçmiş təhkimçilərlə torpaq sahibləri arasındakı anlaşılmazlığı ardadan qaldırmaq vəzifəsini üzərinə götürdü. Çarın əmrlərinə baxmayaraq, əvvəlki vəziyyəti qorumağa çalışan Tolstoyun aristokratlara münasibətləri pozuıldu, bundan sonra vəzifəsindən istefa verdi. Moskvaya gedərək qumar oynamağa başladı. Hətta bir qumar masasında borclanaraq hələ başa çatdırmadığı “Kazaklar”ı girov qoydu.
Bundan sonra getdikcə kəndlilərə daha da yaxınlaşmağa başladı. Bu dövrdə Turgenevlə mübahisədə onu duelə çağırdı. Lakin Turgenev bunu qəbul etmədi.
Həyatının qadını
Tolstoy otuz dörd yaşında Moskvada keçmiş həkim dostunun qızı Sofiya Anderyevna ilə evləndi. Arvadı özündən on altı yaş kiçik və mədəni bir qadındı. Tolstoy evləndikdən sonra qumar, içki, əyləncə və təhsil fəaliyyətindən uzaqlaşdı. Hər şeydən uzaqda sakit bir həyat yaşamağa başladı. Vaxtilə içki, qumar və əyyaşlıqdan zövq alan Tolstoy artıq tamam başqa istiqamətə yönəlmişdi. Arvadının öz üzərindəki təsiri haqda bunları demişdi: “Heç belə aşiq olacağımı düşünməmişdim. Mən bir dəliyəm, belə davam etsə, intihar edəcəyəm”.
İlk on beş ili xoşbəxt keçən evlilikdən Tolstoyun on üç uşağı oldu.
Qarışıq və çalxantılı illərdən sonra sakit bir dönəmə girdi. Bu dövrdə sakit bir ailə başçısı və qənaətcil bir kəndli kimi təsərrüfatla məşğul olduğu halda, digər yandan ona ən böyük qazancları gətirəcək romanlarını yazırdı.
Ən gözəl əsərlərini də bu dövrdə ortaya çıxardı. Rusiyada çarın ağır hökmləri altında əzilən xalqın fəlakətini də bu zamanlarda başa düşdü və yazdı.
Monastr sakitliyi
Otuz yeddi yaşında “Hərb və sülh”ü yazmağa başladı. Bir il sonra dovşan ovunda atdan yıxıldı, sağ qolu çıxdı. Üç aydan çox qələm tuta bilmədi. “Hərb və sülh”ü baldızı Tanyaya diktə edərək yazdırırdı. Yayda təsərrüfatla məşğul olmaq istisna olmaqla, bütün vaxtını bu böyük əsərin qəhrəmanlarını seçmək və təhlil etməklə keçirirdi. Romanın ərsəyə gəlməsi dörd il çəkdi, əsər bitəndə Tolstoyun qırx bir yaşı vardı.
“Hərb və sülh”dən sonra ilbəil artan depressiya dönəminə girdi. Varlığını dərk etmək məqsədilə bir müddət monastra çəkildi. İlahiyyatçılarla mübahisələrinin nəticəsində rəsmi Xristianlıq inancına etimadsızlığının təsadüf olmadığı qənaətinə gəldi. Həmin dövrdə yazılması dörd il çəkəcək ikinci ən böyük əsəri olan “Anna Karenina”ya can verdi. Bu romandan sonra yenə depressiya dönəminə girdi. Əsəri yazdığı dövrlərdə üç uşağı və iki bibisini itirərək xəstələndi. Bu illərdə dəfələrlə intihar qərarından son anda imtina etdi.
Aforoz
Sonrakı yazılarında Tolstoyun rasionalizmdən mistikaya keçid etdiyi görünməyə başladı. Əslində mistik ruhlar bütün əsərlərinə nəzərə çarpır. Bu inanc illər keçdikcə artdı və onu həyatın mahiyyətini açmağa sövq etdi.
Bu səbəbdən də keçmiş və müasir olan filosofların bütün əsərlərini araşdırdı. Əlli iki yaşından sonra Pravoslav Kilsəsini, Xristianlıqdakı ölümsüzlük anlayışını inkar edən və özünəxas Xristian anarxizmi düşüncəsini yaymağa başladı. Mülkiyyətin zorakı üsullarla əldə edildiyini düşündüyü üçün xüsusi mülkiyyətə də etiraz edirdi. Bu fikirləri 1901-ci ildə onun kilsə tərəfindən aforoz edilməsinə yol açdı.
Bu dövrdə yazdığı “İvan İliçin ölümü”, “Diriliş”, “Kreyser sonatası” və “Hacı Murad” kimi əsərləri eyni mənəvi axtarışda olduğunu, əxlaqsızlıqda ittiham etdiyi sənəti, doqmalar və möcüzələrə inanan kilsəni inkar etdiyinə işarə edir.
Qıtlıq və xolera günlərində məhəbbət
XIX əsrin sonlarında Rusiyada böyük qıtlıq və xolera yayıldı. Aclıqla mübarizə illərində Tolstoy arvadı və uşaqlarına bir qədər də yaxınlaşdı. Çünki onlar da bu ağır mübarizənin içindəydi.
Yazıçı ən çox qızlarını sevirdi, lakin qızlarından biri yeddi yaşında öləndə onun həyatını da alt-üst etdi. Yenə ölümü düşünməyə başladı. Amma ölümdən əvvəlki kimi qorxmurdu. Hər ölümlü hadisə onu mənəvi aləmə bir qədər də yaxınlaşdırırdı. Yaşı yetmiş üçə çatmışdı. Ağır bir xəstəliyə yaxalandı. Yoluxduğu sətəlcəm tifə çevrildi. Həkimlər qoca Tolstoydan ümidlərini kəsmişdi. Amma güclü orqanizmi bu düşüncələri heçə çıxardı. Tezliklə sağaladı və Yasnaya Polyanaya geri qayıtdı.
Rus-Yapon müharibəsi başlayanda Tolstoy Çar Nikolayı yüz minlərlə insanı boş yerə ölümə göndərməkdə ittiham etdi. Çar onun bu ittihamlarına ciddi yanaşmasa da, Rusiyada onu dəstəkləyən milyonlarla insan vardı. İmperiyanın hər nöqtəsində siyasi aktivlik hökm sürürdü. Hətta bu dövrdə Sankt-Peterburqda nəşr olunan “Novaya Vremya” qəzetinin yazarı Suvorin onun haqda belə yazmışdı:
“İki çarımız var: II Nikolay və Lev Tolstoy. Onlardan hansı daha güclüdür? II Nikolay Tolstoyla heç cür bacarmır, onun taxtını laxlada bilmir. Halbuki Tolstoy həm Nikolayın, həm də imperiyanın taxtını yerindən oynadır”.
Soyuq illər
Həyatının son illərində belə yenilik axtaran yeniyetmədən bir fərqi yox idi. Səksən iki yaşında ailəsi ilə münasibətlərində anlaşılmazlıq yarandı. Tolstoy öz dünyagörüşünə uyğun olaraq mülkiyyətindən imtina etmək istəyirdi, amma arvadı və yaxınları bunu etirazla qarşıladı. O, sahibi olduğu kənddə kəndli paltarı, ayaqqabısı geyinir, başqalarının haqqına toxunmamağa çalışırdı. Bu baxışı ailəsi ilə münasibətlərinin pozulmasına yol açdı.
Səksən iki yaşında bir vəsiyyətnamə yazaraq bütün əsərlərini qızı Aleksandraya verdi. Bundan sonra evi tərk etmək qərarına gələn Tolstoy gecə bir məktub yazdı. Məktubda arvadına qırx səkkiz il onunla birlikdə olduğu üçün təşəkkür edir və onun haqda pis fikirlərə qapılmamasını xahiş edirdi.
Qızını yuxudan oyatdı, onu, əşyalarını və həkimini də yanına alaraq Yasnaya Polyanadakı evindən getdi.
Qaçmaq, qaçmaq…
Kozelsk stansiyasında qatara mindi. Optinada qatardan düşdü, monastrda rahibə olan bacısı Mariyanı görmək istəyirdi. Kənddə qalmaq üçün ev axtardı, amma burada uzun müddət qalmayacağını gördü. İndidən qaldığı mehmanxananın qarşısında mülki geyimli polislər dolaşmağa başlamışdı. Həmin vaxt Yasnaya Polyanada axtarışda olduğu xəbərini aldı. Evdən getdikdən sonra həyat yoldaşının intihara cəhd etdiyini öyrəndi.
Bolqarıstana gedən qatara minmək istəyəndə Aleksandranın verdiyi qəzetləri oxudu, hər yerdə Tolstoyun qaçışından yazılırdı. Astapovoya çatanda artıq Tolstoyun səhhəti ağırlaşmışdı və bu, pis xəbər bütün dünyaya yayılmışdı. İki ciyəri birdən sıradan çıxmışdı.
Bütün dostları, arvadı və uşaqları, Rusiyanın ən məşhur həkimləri xüsusi qatarla Astapovoya gəldi. Çar höküməti qarışıqlığın yaranmasından ehtiyat edərək bölgəyə nəzarəti gücləndirdi.
Həkim ona arvadıyla danışmaq istəyib-istəmədiyini soruşanda bu cavabı vermişdi: “Qaçmaq, qaçmaq…”.
Ölümdən ölümsüzlüyə
Günbəgün ağırlaşan səhhəti qoca Tolstoyu sürətlə ölümə - mənəvi dünyaya yaxınlaşdırırdı. Yazıçı səksən üç yaşında dünyaya gözlərini yumdu. Ölüm xəbəri Rusiya və bütün dünyaya yayıldı. Hökumət cənazə daşıyan bütün arabaları müsadirə etmiş, qiymətləri on dəfə artırmışdı. Buna görə də Yasnaya Polyanada dəfn olunan Tolstoyun cənazə mərasiminə ancaq kənar kəndlərdən gəldilər.
Uşaqlıqda ən çox oynadığı və ən sevdiyi kölgəli bir köşədə dəfn olundu. Bütün mülkünü yoxsullar arasında bölüşdürən və onlardan biri kimi yaşayan Tolstoy gözlərini qaranlıq dünyaya açanda arxasında milyardlarla insanın yoluna işıq saçacaq əsərlər qoymuşdu.