İraq hökumətinin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almağa hazırlaşdığı, Bağdad və Moskva arasında məsələ ilə əlaqədar danışıqların başladığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street” qəzeti məlumat yayıb.
Xəbərdə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Kərim Ələvinin açıqlamasına yer verilib: “Rusiya ilə “S-400” məsələsi haqda müzakirə aparırıq, amma hələlik anlaşma imzalamamışıq. Amerikalılar lazım olan silahları almaq üçün bizi bir neçə dəfə məyus edib, buna görə də həmin raketləri almalıyıq”.
Ələvi üç ay əvvəl İraq hökuməti nümayəndələrinin “S-400”-lərlə bağlı danışıqlara başlamaq üçün Rusiyaya səfər etdiyini açıqlayıb. Lakin oktyabrın 30-da Bağdadda Baş nazir Adil Əbdülmehdiyə qarşı etirazların başlaması danışıqların müvəqqəti olaraq dayandırılmasına yol açıb.
Deputat ABŞ hərbi qüvvələrinin İraqdan çıxma səbəbindən Rusiya ilə danışıqların yenidən başlamasına qərar verildiyini bildirib.
Məlumata görə, İraq Müdafiə Nazirliyi hökumətdən Rusiyadan tezliklə “S-400” sistemlərinin alınmasını tələb edib.
Nəşr Rusiyadan hava hücumundan müdafiə sistemləri alacağı təqdirdə İraqın ABŞ-ın sanksiyaları ilə üzləşəcəyini istisna etməyib.