Livan ordusunun mexanikləşdirilmiş patrul hissələri polis və etiraz hərəkatının fəalları arasında toqquşmalardan sonra Beyrutun mərkəzi rayonlarında bütün giriş-çıxışları bağlayıb.
Teleqraf.com xəbər verir ki, LBC telekanalının yaydığı məlumata görə, Livan Prezidenti Mişel Aunun silahlı qüvvələrə müraciətindən sonra hərbi qulluqçular şəhərdə vəziyyəti nəzarətə götürmək əmri alıblar. Prezident ordunu və təhlükəsizlik qüvvələrini paytaxtın mərkəzində sakitliyi bərpa etməyə, dövlət müəssisələrinin və kommersiya strukturlarının mühafizəsini təmin etməyə çağırıb.
Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib ki, küçə toqquşmaları nəticəsində onlarla fəal xəsarət alıb. Onlardan 65 nəfəri xəstəxanaya yerləşdirilib, 100-dən çoxuna yerində yardım göstərilib. Etirazçılar da öz növbəsində qanun keşikçilərinə daş, içərisində yandırıcı maddə olan butulkalar, kəsici əşyalar atıblar. Nəticədə 60-a yaxın polis əməkdaşı yaralanıb, patrul maşınlarına ziyan dəyib.