23 Yanvar 2020 09:14
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ernesto Çe Gevara 1967-ci il oktyabrın 9-da güllələndi. Öldürüləndən sonra Çenin əlləri kəsildi, bu olayın məsuliyyətini isə Boliviya ordusunun yüksək rütbəli zabiti Roberto Kintanilla Fereyra daşıyırdı. Boliviyalı zabitdən Çe Gevaranın intiqamını alan qadının adı isə Monika Ertl idi.

Teleqraf.com socialist inqilabçı Monika Ertl haqda yazını təqdim edir.

Monika Ertl 1937-ci ildə Almaniyanın Münhen şəhərində doğulub. Kino sahəsində çalışan atası İkinci Dünya Müharibəsindən sonra Boliviyaya köçərək burada kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Monikanın təlatümlü həyatının başlaması da, on beş yaşında Boliviyaya gəldikdən sonraya təsadüf edirdi.

Monika Boliviyada atası kimi kino sahəsində bəxtini sınadı, bir neçə film çəkdi. 1958-ci ildə Almaniyadan Boliviyaya gələn bir mühəndislə evləndikdən sonra həyat yoldaşının işləri səbəbindən bir müddət Çilidə yaşadı. Lakin yenidən Boliviyaya qayıtdı.

Boşanma masasından sola

Kaliforniyaya köçmək istəyən Monikanın bu xəyalı gerçəkləşmədi, Boliviyada qaldı. Həmin dövrdə həyat yoldaşından boşandı. Zəhmətkeş bir insan olan Monika müəllimliklə məşğul olur, qalan vaxtlarda səyahətlər edir, uşaqlar üçün yardım kampaniyalarında iştirak edirdi. Bu səyahətlərdən birində o, sol düşüncəyə yaxınlaşdı.

Vaxtının çoxunu yoxsul insanlara yardıma ayıran Monika ölkədə gördüyü ağır mənzərələr qarşısında radikallaşdı. Gevaraçı fəalların qurduğu Milli Xilaskar Orduya (ELN) simpatiya duymağa başladı.

Çe Gevaranın öldürülməsi ilə ELN-ə qatılan Monika Ertl burada “gənc qız” mənasına gələn “İmilla” adını aldı. Atası ailəsindən tamamilə uzaqlaşan İmilladan imtina etdi. Həmin dönəmdə ildə bir dəfə ailəsinə məktub yazan Monika ələ keçəcəyindən ehtiyat edərək məktubu şifrələnmiş formada yazırdı.

Çenin intiqamı

Yaralı olaraq ələ keçirilərək öldürüldükdən sonra əlləri kəsilən Çe Gevaranın intiqamını almağa bütün inqilabçı qruplaşmalar can atırdı. Ən böyük hədəf isə Çenin əllərini kəsən boliviyalı zabit Roberto Kintanilla Fereyra idi. Partizan düşərgələrində təlim keçmiş Monikanın da ən böyük arzusu Fereyranı öldürməkdi.

Həyati təhlükə qarşısında qalan Roberto Kintanilla Fereyra özünü qorumaq üçün Boliviya hökumətindən Almaniyanın Hamburq şəhərinə konsul təyin olunmasını istədi. Bu istəyi yerinə yetirilən Fereyra dərhal Almaniyaya getdi.

Boliviyalı keçmiş zabiti cəzalandırmaq qərarı verən Monika saxta Argentina pasportu ilə İsveçrəyə, oradan da Hamburqa keçdi. Cazibədar görünüşündən istifadə edən Monika bu məqsədlə 1971-ci il aprelin 1-də getdiyi konsulluğun binasına asan keçə bildi.

Özünü konsul Fereyra ilə görüşmək istəyən avstraliyalı kimi təqdim etmişdi. Keçmiş zabitin otağına girdikdən az sonra çantasındakı tapançanı çıxararaq onu qətlə yetirdi.

Monikanın ölümü

Monika iki il Fransada qaldıqdan sonra Boliviyaya qayıtdı. Lakin az sonra tələyə salınaraq həyatına son qoyuldu. Qatil isə atasının yaxın dostu, ABŞ-ın Latın Amerikasındakı agenti, “Lion qəssasbı” adlandırılan Klaus Barbi idi.


Müəllif: Mənsur Rəğbətoğlu