28 Yanvar 2020 16:50
2 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Elazığ şəhərində 6.8 bal gücündə baş verən dağıdıcı zəlzələdən sonra ərəb ölkələrinin səssizliyi diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ötən həftə baş verən fəlakətə ərəb ölkələrinin hələ də səssiz qalması Türkiyə mediasında geniş yer alıb.

Türk KİV “müsəlman qardaş” olan ərəb ölkələrindən fərqli olaraq, Türkiyə ilə münasibətləri soyuq olan Yunanıstanın baş verənlərə ilk reaksiya verən ölkələr arasında yer aldığını bildirib.

Yunanıstan Baş naziri Kiryakos Miçotakis zəlzələdən bir neçə dəqiqə sonra Tvitter hesabına yazırdı: “Türkiyəni vuran zəlzələdən sonra Prezident Ərdoğan və türk xalqı ilə birlikdə olduğumuzu bildirmək istəyirəm. Xilasedici komandamız köməyə hazırdır”.

Türkiyə mediası yazır ki, Türkiyəyə qardaş əli uzadan və başsağlığı verən ilk ölkə Azərbaycan olub:

“Azərbaycan Prezidenti İlham Əliyev türk həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi və bu ağır günlərdə Elazığa hər cür yardımı göstərməyə hazır olduğunu bildirdi. Bundan çox az sonra Azərbaycan Hava Yollarına məxsus bir təyyarə Elazığ hava limanına endi. Can Azərbaycan yardım gətirmişdi”.

Azərbaycandan sonra Moldovada yaşayan xristian qaqauz türklərinin qadın Prezidenti İrina Vlax da Tvitterdə Türkiyəyə başsağlığı verdi.

Türk mediası qeyd edir ki, müsəlman olmasına baxmayaraq, hər yerdə Türkiyənin qarşısında dayanan ərəb ölkələri Elazığ zəlzələsindən sonra səssizlik içindədir. Yalnız Qətər, İordaniya, Liviya, İraq və Fələstin Türkiyəyə başsağlığı verib.

Türk KİV xatırladır ki, zəlzələdən sonra öz qınına çəkilən Səudiyyə Ərəbistanının kralı Abdullah öləndə Türkiyə bir günlük matəm elan edərək, bayraqları endirmişdi.

Türk mediası baş verənlərdən sonra belə bir sual da ünvanlayır: “Qan qardaşlığı yoxsa, din qardaşlığı?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər