Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan ölkənin bir sıra aparıcı media qurumlarının rəhbərləri ilə fərdi görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Məlumata görə, görüşə dəvət ediləcək şəxslərin siyahısı artıq razılaşdırılıb.
Qeyd edilib ki, Vanetsyan redaktorların suallarını cavablandıracaq və aktual problemləri, o cümlədən siyasi sahədəki hadisələri müzakirə edəcək.
Son günlərdə Artur Vanetsyanın siyasi fəallığı Ermənistanda birmənalı qarşılanmır. Baş nazir Nikol Paşinyana yaxın mənbələrin iddialarına görə, keçmiş hakim siyasi elitanın nümayəndələri (Serj Sərkisyan və Robert Köçəryan) ilə anlaşan generalın əsas hədəfi hakimiyyət dəyişikliyinə nail olmaqdır.
“Haykakan Jamanak” nəşri Paşinyana qarşı qurulan qiyamçı koalisiyanın əsas fiqurunun Kremlə yaxın olan Artur Vanetsyan olduğunu iddia edib. Yəni, yaranmış yeni durumu Ermənistanın qiyamçı hökuməti üçün qorxunc edən əsas faktor Köçəryan-Sərkisyan klanının bu planda yer alması və generala “yaşıl işıq” yandırmasıdır.