20 Fevral 2020 13:53
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın gündəlik “Sankey simbun” qəzetinin müəllifi Ryosuke Endo hesab edir ki, Vladimir Putin “tarixi müharibə” açmağa və xarici ölkələrə hücum etməyə çalışır. Müəllif qeyd edir ki, bu il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunur və Putin bu tarixdən mütləq öz məqsədləri üçün istifadə edəcək.

Teleqraf.com məqaləni təqdim edir.

Bu il – II Dünya müharibəsinin başa çatmasının 75 illiyində Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrə hücum edərək, onlara “tarixi müharibə” elan edir. O, Sovet İttifaqını nasist Almaniyasını məğlub edən ölkə kimi təqdim edir və SSRİ-nin müharibə ilə əlaqədar olan bütün hərəkətlərini cəsarətlə əsaslandırır. Yaponiyanın Baş Naziri Sindzo Abe mayın 9-da Moskvada Almaniya üzərində qələbənin 75-ci ildönümünün qeyd edilməsində iştirak etməyi düşünür, lakin bu, Rusiyanın tarixə olan eqoist fikirləri ilə razılaşmanın ifadəsi olmayacaqmı?

Prezident Putin İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq emosional davranmağa davam edir. O, ötən ilin dekabrında keçirdiyi mətbuat konfransında bununla bağlı məqalə yazacağını və dərc etdirəcəyini bildirdi, həmin ay təxminən bir saat ərzində keçmiş Sovet İttifaqı ölkələrinin başçıları ilə görüşdə öz nəzəriyyəsini təqdim etdiyini söylədi. Prezident Putin bu ilin yanvar ayında Federal Məclisdə illik çıxışı zamanı “qələbəyə dair həqiqətləri” qorumaq üçün müharibə ilə əlaqəli tarixi sənədlər və videolar toplayacaq “daha dolğun” qurum yaradacağını bildirdi. Bir neçə gün sonra veteranlarla görüşdə isə vurğuladı:

“Biz, tarixi yenidən yazmağa çalışanların ağızlarını yumacağıq”.

“Sovet İttifaqını tənqid” barədə qətnamə

Buna səbəb ötən sentyabr ayında Avropa Parlamentinin totalitarizmi tənqid edən qətnamə qəbul etməsi oldu. Qətnamə II Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr edilmişdi.

Nasist Almaniyası və Sovet İttifaqı 1939-cu ilin avqustunda hücum etməmək haqqında pakt imzaladılar. Onlar razılaşmanın gizli əlavəsinə uyğun olaraq Polşanı işğal etdilər. Avropa Parlamentinin qətnaməsində qeyd olunur ki, “iki totalitar rejim”in bu razılaşması II Dünya Müharibəsinin başlanmasına zəmin yaratdı.

Qətnamədə nasistlər və kommunist rejiminin misli görünməmiş insan itkisinə, soyqırımına və məcburi köçürülmə nəticəsində azadlığın məhdudlaşdırılmasına yol verdikləri tənqid edilir. Bundan əlavə müharibədən sonra da sovet hakimiyyətinin Avropa ölkələrinin bir hissəsində azadlıq, suverenlik və insan haqlarını pozduğu vurğulanır. Qətnamədə II Dünya müharibəsi və Qərblə Şərq arasında “soyuq müharibə” nəzəriyyəsi irəli sürülür. Buna baxmayaraq Prezident Putin Sovet İttifaqı və nasist Almaniyasını bir sıraya qoymağın rüsvayçılıq olduğunu söyləyib.

Böyük Britaniya və Fransa uzun müddət ərzində Almaniya ilə barışıq siyasəti yürüdüb. Rusiya lideri, ümumiyyətlə, SSRİ və Almaniyanın gizli ittifaqının cinayətlərini tanımaq niyyətində deyil.

Mərkəzəqaçan qüvvəni dəstəkləmək üçün istifadə olunur

Putin sistemi milli nüfuzunu yüksəltmək və hakimiyyətin mərkəzəqaçan gücünü artırmaq üçün “qələbə”dən istifadə etdi. 9 may 2008-ci ildən bəri Almaniya üzərində qələbə günü münasibətilə Moskvada böyük hərbi paradlar keçirilir.

Rusiyada və xaricdə “ruslar Avropanı nasist Almaniyasından azad edən böyük xalqdır” deyə təlqin edilir. Rus tarixi tədrisi ilə əlaqəli metodik vəsaitlərdə müharibənin əsasının 1939-cu ildə Polşanın bölünməsi və 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumu ilə qoyulduğu bildirilir.

Prezident Putin tarixə dair bu rəsmi baxışların müharibənin bitməsinin 75-ci ildönümündə təkzib olunacağından ciddi şəkildə narahatdır. Eyni zamanda o, daxili və xarici qüvvələri fərqli fikir ifadə edərkən düşmən hesab edir və özünü tarixin qəyyumu olduğu təəssüratını yaratmağa çalışır. O, davam edən iqtisadi geriləmənin fonunda mərkəzdənkənar qüvvənin yalnız keçmişi romantikləşdirməklə dəstəklənə biləcəyi qənaətindədir.

Yaponiya ehtiyat etməlidir ki, Rusiya nasist Almaniyasını militarist Yaponiya ilə müqayisə etməyə hamıdan çox meyillidir və Yaponiyaya hücum edilməsinə, eləcə də sovet-yapon neytrallıq paktını pozaraq “şimal ərazilər”i işğal etməsinə bəraət qazandırır. Tarixi fakt – Sovet İttifaqı Almaniyanı məğlub edə bildi, çünki Yaponiya bu pakta əməl etdi. Rusiyanın “tarix müharibəsi”nə bütün ciddiyyəti ilə yanaşmasanız, “şimal ərazilər”lə bağlı danışıqlar aparmaq getdikcə daha da çətinləşəcəkdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər