Türkiyə ilə Rusiya liderlərini sabah Moskvada gərgin müzakirə gözləyir. Ölkələrin nümayəndə heyətləri arasında aparılan danışıqların nəticə verməməsi və fevralın 27-də İdlib istiqamətində 34 türk əsgərinin Bəşər Əsəd rejiminin hücumu nəticəsində öldürülməsindən sonra bütün diqqət həmin görüşə fokuslaşıb. İndiyə qədər Suriya mövzusunda türk və rus nümayəndə heyətləri arasında 2 dəfə Ankarada, 1 dəfə isə Moskvada müzakirələr aparılıb, amma razılıq əldə olunmayıb. Məhz bu məsələlərdən sonra son ümid yeri Moskvada baş tutacağı gözlənilən Ərdoğan-Putin görüşüdür.
Moskva görüşü öncəsi Suriya ilə bağlı məsələdə Türkiyə və Rusiyanın hansı mövqedən çıxış edəcəyinə dair müxtəlif fikirlər səslənir. Tərəflərin bu görüşdə əldə etmək istədiyi nəticəyə gəlincə, qısaca onu demək olar ki, rəsmi Ankara Bəşər Əsəd qüvvələrinin Soçi razılaşması çərçivəsində müəyyən olunan sərhədlərə çəkilməsi, Moskva isə son gəlişmələrin nəzərə alınması ilə razılaşmanın yenilənməsi mövqeyindən çıxış edəcək.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi mövqe və tələblər aşağıdakı şəkildə ola bilər:
Suriya rejimi qüvvələri “İdlib Gərginliyin Azaldılması Bölgəsi” olaraq qəbul olunan və Soçi razılaşması çərçivəsində müəyyən edilən sərhədlərə çəkilməlidir.
Suriya rejim qüvvələri ələ keçirdikləri ərazidən geri çəkilməli və hazırda mühasirəyə alınan 6 türk hərbi müşahidə postunun ətrafını boşaltmalıdır.
Bildirək ki, Türk Silahlı Qüvvələrinin 4 (Ana), 5 (Rəşid), 6 (Tel Eys), 7 (Tel Toukan), 8, (Surman) və 9 nömrəli (Morik) müşahidə məntəqələri rejim tərəfindən ələ keçirilib.
Əhalisi 4 milyona yaxın olan İdlibdə daimi atəşkəs təmin edilməli, insanlar tərk etdikləri evlərinə və yurdlarına geri dönməlidirlər.
Kreml isə bu görüşdə fərqli mövqe və tələblərlə çıxış edəcək:
Moskva Bəşər Əsəd rejiminin irəliləməsi nəticəsində bölgədə yeni vəziyyətin yarandığını və bu səbəbdən Soçi razılaşmasının yenilənməsini vacib sayır.
Rəsmi Moskva Türk Silahlı Qüvvələrinin Soçi konsensusuna uyğun şəkildə qurduğu 12 hərbi müşahidə postunun strateji əhəmiyyətə malik M-4 və M-5 şosesinin şimalına çəkilməsini istəyir.
Bu günə qədər rəsmi Ankara Rusiyanın tələb etdiyi “Gərginliyin Azaldılması Bölgəsi”nin 60 faiz azaldılmasına müqavimət göstərir. Səbəb kimi bunun qəbul ediləcəyi təqdirdə TSK-nın İdlibin yüzdə 40 faizlik bölümünə geri çəkilmək məcburiyyəti ilə üzləşəcəyi göstərilir.
Türkiyə bu halın milyonlarla insanı yerindən edəcəyini və yeni bir qaçqın dalğasına səbəb olacağını dilə gətirir.
Rusiya eyni zamanda Türkiyənin Soçi razılaşmasına uyğun olaraq üzərinə götürdüyü “Əl-Qaidə” ilə əlaqəli Heyəti Təhrir Şamla (HTŞ) mübarizədə silahsızlaşdırma öhdəliyini yerinə yetirmədiyini iddia edir və bunu Ankaradan tələb edir.
Ankara isə hələlik Moskvanın ona qarşı bu ittihamını qəbul etmir.
Martın 5-də Moskvada keçiriləcək görüşdə rus və türk dövlət başçıları məhz bu çərçivədə müzakirələr aparacaq və mümkün olarsa, razılaşma əldə edəcəklər.