Dünya Bankının Direktorlar Şurası Tacikistanda COVID-19 pandemiyası üçün təcili reaksiya layihəsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasının 11.3 milyon dollarlıq qrant maliyyələşdirilməsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Bankının Düşnənbədəki ofisinin mətbuat katibi Nigina Əliyeva açıqlama verib.
O, qeyd edib ki, 11.3 milyon dollarlıq qrant Tacikistanın COVID-19 pandemiyası ilə əlaqədar ictimai sağlamlıq, sosial risklərə hazırlıq və infeksiyaya effektiv cavab səylərini dəstəkləmək üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, maliyyələşdirmə çərçivəsində Tacikistanın bütün bölgələrində reanimasiya şöbələri və reanimasiya bölmələrinin (ICU) hər birinə təxminən 100 yeni təchiz olunmuş çarpayının yerləşdirilməsi tədbirləri dəstəklənəcək: “Bundan əlavə, layihə COVID-19-a yoluxmuş xəstələrə müalicə vermək üçün səhiyyə sisteminin potensialını gücləndirmək məqsədi daşıyır”.
O, həmçinin tibb müəssisələrində və laboratoriyalardakı işçilər üçün test dəstləri, laboratoriya reagentləri və fərdi qoruyucu vasitələr də daxil olmaqla, COVID-19-un aşkarlanması və qarşısının alınması üçün lazımi materialların alınacağını söyləyib. Bundan əlavə, reanimasiya və reanimasiya şöbələrinin əməkdaşları COVID-19-un müalicəsi və qarşısının alınması, habelə ağır xəstələrə uzunmüddətli qulluq göstərilməsində təlim alacaqlar.
Əlavə edək ki, Tacikistan MDB məkanında koronavirus pandemiyasına məruz qalmayan yegənə ölkə hesab olunur. Halbuki Tacikistanın qonşuluğunda yerləşən bütün dövlətlərdə yeni növ pandemiyaya rast gəlinib. Keçmiş SSRİ məkanında isə digər belə bir ölkə Türkmənistandır.