Banqladeşin qurucusu, prezident Şeyx Mujibur Rəhmanın qatili 45 il sonra həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Əsəduzzaman Xan bildirib.
O, deyib ki, ölkənin qurucusu Rəhmanı sui-qəsd nəticəsində öldürən onun sabiq zabiti Əbdül Məcid paytaxt Dakkada saxlanılıb.
Nazir qatilin həbs edilməsini xalq üçün ən böyük hədiyyə olduğunu da bəyan edib.
O əlavə edib ki, Mijibur Rəhman və ailəsinin əksər üzvlərinin öldürülməsində saxlanılan şəxsin iştirakı olub.
Xatırladaq ki, Banqladeş Ali Məhkəməsi 2009-cu ildə bu qətldə iştirakçı olan şəxslərin edam olunması haqda qərar çıxarıb. Sui-qəstdə iştirak etdiklərini etiraf edən 5 nəfər isə 2010-cu ildə edam olunub.
Əlavə edək ki, Şeyx Mujibur Rəhman 1971-ci ildə Banqladeşə müstəqillik qazandıran “Böyük qurtuluş müharibəsi” daxil olmaqla, əhəmiyyətli prosesləri aparan lider olub.
1975-ci ilin 15 avqustunda hərbi qiyamla devrilən Rəhmanın iki qızı istisna olmaqla, ailəsi qətlə yetirilib.