11 İyul 2020 20:30
5 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayasofya bir simvoldur. Bu gün “Gəncə qapıları”, Dərbənddəki abidələr Azərbaycan üçün nə deməkdirsə, Ayasofya məscidi də elədir. Məsələn, İsrail üçün Qüdsdəki “Ağlama divarı”, müsəlmanlar üçün Məscidi-Aqsa, Ayasofya da Türk-İslam dünyası üçün o deməkdir”.

Ağ partiyanın sədri Tural Abbaslı belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə Ayasofya kafedralının məscidə çevrilməsi qərarını necə qiymətləndirirsiniz?

- Ayasofya məbədi ilk dəfə deyil məscidə çevrilir. 1453-cü ildə İstanbul (Konstantinopol) Osmanlı tərəfindən fəth edildikdən sonra Ayasofya Sultan Məhmət tərəfindən məscidə çevrilmişdi. O gündən 1934-cü ilədək bu məbəd məscid olub. Yəni bu, yeni məsələ deyil. “Hərb qanunları” var, türk dünyasında buna “Qılınc haqqı” deyirlər. Yəni bu, fəth olunan yerin qılınc haqqıdır. Ayasofya da məscid kimi əsrlərlə fəaliyyət göstərib. Sadəcə olaraq, həmin dönəmdə Türkiyədə iqtidarda olan Cümhuriyyət Xalq Partiyasının (CHP) təşəbbüsü ilə - böyük ehtimalla Avropa dairələrinə xoş gəlmək üçün məscid muzeyə çevrildi. Cəsarətləri çatıb kilsə edə bilmədilər, muzey etdilər. Bu qərarın səbəbi də xristian aləmini onun üçün iki ən önəmli məbəddən biri sayılan Ayasofyanın məscid olma utancından xilas etmək idi. 1934-cü ildə verilən həmin qərarın alt mənası budur.

Bu, tarixi ədalətsiz qərar idi, indi də həmin qərar ləğv olundu. Yəni Ayasofya üçün məscid olmaq qərarı verilməyib, tarixi səhv düzəldilib. Əgər qərar ləğv olunursa, demək ki, məbədin əvvəlki statusu özünə qaytarılır. Şükürlər olsun ki, məscidimiz yenidən ibadətlərə açıq məkana çevrildi. Bu, təkcə Türkiyə üçün yox, Türk-İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən nüansdır. Bu məsələni kiçiltmək lazım deyil. Çünki dünya dövlətlərində, qlobal siyasətdə simvollara böyük önəm verilir. Həm Türkiyə Cümhuriyyətini, həm də Türk-İslam dünyasını bu tarixi gün münasibətilə təbrik edirəm. Gün o gün olsun ki, Şuşadakı, Kəlbəcərdəki, Zəngilandakı məscidlərimizdən də azan səsi gəlsin, oraların da azadlığını bərpa edə bilək.

- Qeyd edirsiniz ki, Türkiyə 1934-cü ildə kafedralın muzeyə çevrilməsi ilə bağlı səhv qərarını düzəltdi. Bu qərarda səhv nələrdən ibarət idi?

- Atatürk 1934-cü ildə Ayasofya məscidinin təmirə bağlanması ilə bağlı göstəriş verib. Bundan sonra orada ibadətlər dayandırılır. Həmin il Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilir. Ümumiyyətlə, bir millət öz dininə, dilinə, ənənələrinə və tarixinə sahib çıxanda güclü olur. Bu baxımdan, Ayasofya və İstanbul bütün Türk-İslam dünyası üçün böyük önəmə malikdir. Peyğəmbərimizin İstanbulun fəthi ilə bağlı hədisi varsa, demək bu, adi bir şəhərin fəthi deyil, daha böyük bir məsələdir.

Ayasofya bir simvoldur. Bu gün “Gəncə qapıları”, Dərbənddəki abidələr Azərbaycan üçün nə deməkdirsə, Ayasofya məscidi elədir. Məsələn, İsrail üçün Qüdsdəki “Ağlama divarı”, müsəlmanlar üçün Məscidi-Aqsa, Ayasofya da Türk-İslam dünyası üçün o deməkdir. İstanbul təkcə Türkiyə yox, dünya əhəmiyyətli bir şəhərdir. Ayasofya isə həmişə ibadətxana olub. Əvvəl kilsə olub, sonra məscidə çevrilib. Əgər kimsə bunun yanlış olduğunu düşünürsə, Kordova Xilafətinin tarixinə baxsın. Kordova xəlifəsinin dövründə tikilən bütün məscidlər sonradan ya dağıdılıb, ya da kilsəyə çevrilib. Bunlar müharibə həqiqətləridir, bunu da hər kəs qəbul edir. Bu, Türk dünyası üçün böyük bir mənəvi qələbədir.

- Bəs Ərdoğanın bu istəyinin arxasında hansı məqamlar durur, məsələ niyə indi gündəmə gətirildi?

- Əslində bu məsələ indi gündəmə gəlməyib. Bu məscid muzey kimi fəaliyyətə başlayandan bəri müzakirə mövzusudur. Sadəcə olaraq, Türkiyədə siyasi konyunktura, siyasi reallıqlar, sosial-ictimai vəziyyət bu ədalətsizliyin aradan qaldırılmasına imkan yaratmırdı. Həm Türkiyəyə, həm də onun daxili siyasətinə kənar müdaxilələr buna imkan vermirdi. Amma AKP hakimiyyətə gəldikdən sonra həm Türkiyənin iqtisadi inkişafına nail olmaq, həm də cümhuriyyətin müstəqilliyini bərpa etməklə məşğuldur. Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsindəki məğlubiyyətindən sonra imzalanan ədalətsiz müqavilələr Türkiyəyə suveren və müstəqil dövlət kimi fəaliyyət göstərməsinə mane olurdu. Dönəm-dönəm bu yanlışların aradan qaldırılması üçün addımlar atılırdı.

Türkiyədə son 60-70 ildə Türkiyədə müzakirə mövzusu nə idi? Qız tələblər universitetə başı açıq getsin, yoxsa başı örtülü? Türkiyənin başını belə məsələlərlə qatırdılar. Artıq Türkiyə bu gün öz gücünə qayıtmağı və öz mirasına sahib çıxmağı hədəfləyən dövlətdir.

Azərbaycan həmişə Türkiyənin yanında olmalıdır. Çünki Türkiyənin bölgə və dünyada güclənməsi Azərbaycanın bölgə və dünyada güclənməsi deməkdir. Bu həm də Dağlıq Qarabağ münaqişəsinin həll prosesində və ya Azərbaycanın dövlət maraqlarının təmin olunmasında Türkiyənin müsbət rolunun artması anlamına gəlir.

- Bu qərar Türkiyəyə nə vəd edir: cümhuriyyətə qarşı olan cəbhəni genişləndirə bilərmi – həm daxildə, həm də xaricdə?

- Zatən, Türkiyəyə qarşı həm daxildə, həm də xaricdə olan cəbhə nə qədər mümkündürsə, o qədər genişlənib. Türkiyə parlamenti bombardman edilirsə, paytaxta tanklar yeridilirsə, İstanbul körpülərinə hərbi texnikalar çıxarılırsa, iki yüzdən artıq vətəndaş güllələnirsə, qırıcılar şəhərlərin üzərindən uçursa, polis idarələri, qanunverici orqanlar və bələdiyyə binaları vurulursa – bundan böyük cəbhə açıla bilərmi? Yeni cəbhəni harada açacaqlar? Bunun üçün Türkiyəyə atom bombası atmalıdırlarmı? Dünya gücləri Türkiyənin burnunun dibində terror dövləti yaratmağa qədər cəhdlər edirlər. Söhbət PYD\YPG-nin timsalında Suriyada terrorçu dövlətin qurulması cəhdlərindən gedir. Yəni edə biləcəklərinin maksimumunu ediblər və buna da davam edirlər.

Türkiyədə onların hər üzünü görüblər. İstər Avropa, istərsə də Amerika həmişə Türkiyəyə qarşı ən inanılmaz addımları atmağa cəhdlər göstəriblər. Bunların hamısı müasir dünya siyasətində böyüməyin, söz sahibi olmağın, öz dövlətinə yiyələnməyin və inkişafın bədəlləridir. Sabah Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün savaşa başlasa, eyni addımları bizə qarşı da atacaqlar. Yəni bunlar güclü bir dövlətin apardığı savaşın nəticələridir. İnanıram ki, Türkiyə bu imtahandan da üzüağ çıxacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər