Reper Kanye Vestin ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu məlumat ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilmiş 1 nömrəli müvafiq forma ilə sübut olunub.
Məlumatda bildirilir ki, Vest Oklahoma ştatından “Kanye 2020” komitəsinin namizədi kimi yarışa qatılacaq.
Reper müraciət formasını iyulun 15-də dolduraraq təqdim edib.
“TMZ” portalı aydınlaşdırır ki, Vest hələlik daha vacib olan 2 nömrəli (imzatoplama və seçki kampaniyasına 5000 dollardan çox ianə toplama) formanı təqdim etməyib. Bu arayış olmadan, o, kampaniyanın maliyyələşdirilməsinə dair federal qanuna əsasən namizəd statusu ala bilməyəcək.
İyulun 15-də “Redfield & Wilton Strategies” konsaltinq şirkəti prezident seçkilərində Kanye Vesti dəstəkləmək istəyən ABŞ vətəndaşlarının sayını hesablayıb. Məlum olub ki, amerikalıların 2 faizi ona səs verməyə hazırdır. Co Bayden seçki yarışında Amerika rəğbətinin lideri olaraq qalır (48 faiz).
Daha əvvəl məlum olmuşdu ki, Vest psixi pozğunluğun kəskinləşməsi səbəbindən seçkiqabağı kampaniyada iştirak etmək qərarına gəlib. Musiqiçinin yaxın ətrafındakı mənbələr bildirmişdilər ki, o, hazırda bipolyar affektiv pozğunluğun maniakal fazasını yaşayır. Bu da onun son hərəkətlərinə və ifadələrinə təsir edir. Sənətkarın hər il belə kəskin ağırlaşmalara məruz qaldığı iddia olunur.