İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi BMT-dən yəmənli mülki şəxslərin, xüsusən qadın və uşaqların qorunması üçün lazımi tədbirlərin görülməsini istəyib.
Teleqraf.com xəbər verir ki, Abbas Musəvi Yəməndə toy mərasimində 25 qadın və uşağın ölümü ilə nəticələnən Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumunu pisləyib.
Ölənlərin ailələrinə başsağlığı diləyən XİN sözçüsü koalisiya qüvvələrinin hücumlarına beynəlxalq birliyin sükutla yanaşdığını təəssüflə bildirib.
Musəvi beynəlxalq ictimaiyyətdən və insan hüquqları qurumlarından bu cinayətlərin davam etməsinin qarşısını almağı xahiş edib. O, Yəmənə hücum edən ölkələrə silah və texnika satan dövlətlərin hərbi cinayətlərə şərik olduqlarını və buna görə cavab verməli olacaqlarını diqqətə çatdırıb.
Musəvi bildirib ki, Səudiyyə Ərəbistanının və ABŞ-ın təzyiqləri nəticəsində BMT ər-Riyadın adını "uşaq qatili rejimləri" siyahısından çıxardıb. O, BMT-dən məlum qərarı yenidən nəzərdən keçirməyi, hücumların dayandırılması üçün səylərini artırmağı xahiş edib.