Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın oğlu Besarion (Busa) Jvaniya Tiflisdə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, o, Gürcüstan parlamentinin sabiq deputatı, iş adamı Qogi Topadzenin nəvəsi Levan Topadzeyə hücum etməkdə ittiham olunur. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 yaşlı Besarion 22 yaşlı Levanı soyuq silahla yaralayıb.
Hadisə Topadzenin evində baş verib və şəxsi münaqişə zəminində törədilib. Davanın qız üstündə baş verdiyi bildirilib. Yaralı şəxs əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb. Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Sabiq baş nazirin oğlu üç ildən altı ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Zurab Jivaniya 2003-cü ildə Gürcüstanda “Qızılgül” inqilabını həyata keçirən müxalifət liderlərindən biri olub. Bir müddət parlamentin sədri və baş nazir vəzifələrini icra edib. 2005-ci ildə 42 yaşında vəfat edib.