Afrika ölkəsi Malidə baş verən dövlət çevrilişinin arxa planında ölkədəki hakimiyyət savaşı qədər, Fransa-Rusiya rəqabətinin olduğu ehtimal edilir.
Teleqraf.com türk mediasında istinadla xəbər verir ki, çevrilişə rəhbərlik edən şəxsin Rusiya ilə əlaqələri ortaya çıxıb.
Qiyamın liderləri arasında yer alan polkovnik Malik Diavın Rusiyada təhsil alması bu iddianı gücləndirir. Mali ordusununun zabitlərinin bir qisminin Rusiyada təlim və təhsil aldığı bildirilib.
Rusiyanın son dönəmlərdə “Vaqner” xüsusi təhlükəsizlik şirkətinin Afrika üzərindəki təsir dairəsini genişləndirdiyi məlumdur. Təsadüfi deyil ki, Malidə qiyamdan əvvəl baş tutan etiraz aksiyalarında bəzi qruplar meydana “Malinin ümidi Rusiya, çarə Putindir” şüarı yazılmış plakatlarla çıxmışdılar.
Əlavə edək ki, dünən Malidə ordu hakimiyyəti ələ keçirib. Qiyamdan sonra Prezident İbrahim Babokar Keyta istefa verdiyini açıqlayıb.