Avropa Komissiyası sədrinin müavini Marqaritis Çinas Yunanıstan televiziya kanalına Şərqi Aralıq dənizində yaşanan gərginlik haqqında danışarkən Türkiyəni təhdid edib.
Teleqraf.com xəbər verir ki, Avropa Birliyi (AB) liderlərinin 24-25 sentyabr görüşünün öncəsi Türkiyəyə sonuncu dəfə şans verdiklərini bildirən Avropa Birliyinin rəsmisinin fikrincə, kimsə AB-ni təhdid edən şantaj həyata keçirə bilməyəcək.
Avropa Komissiyasının rəsmisi bildirib ki, sentyabrın 25-nə qədər Şərqi Aralıq dənizindəki gərgin vəziyyətlə bağlı çıxış tapılmasa Ankaraya sanksiyalar tətbiq ediləcək.
Marqaritis Çinas əlavə edib ki, öncədən açıqlanmayan sanksiyalar ən çox zərər verən sanksiyalardır.
Qeyd edək ki, AB-nin Ankaraya sanksiya tətbiq etməsi üçün 27 üzv dövlətin buna razılıq verməsi lazımdır. Əgər Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəksə, bu sentyabrın 24-25-də AB-nin toplantısının qərarı əsasında həyata keçiriləcək.
Mütəxəssislər indidən AB-nin Türkiyəyə tətbiq edə biləcəyi sanksiyaların nədən ibarət ola biləcəyini müəyyən etməyə çalışırlar.
Hələ bir müddət əvvəl AB-nin rəsmisi Borrell elan etmişdi ki, Türkiyəyə qarşı sanksiyanın tətbiqi üçün mətn hazırlanıb və üzv dövlətlər arasında bununla əlaqədar razılaşma əldə olunub.
Ehtimal edilir ki, AB-nin Türkiyəyə qarşı sanksiya siyahısında fərdlərin əmlakının dondurulması, Avropa limanlarının, texnologiyasının istifadəsinə qadağa, habelə maliyyə və türk iqtisadiyyatının Avropa iqtisadiyyatına bağlı hisəsinin fəaliyyətlərinin gündəmə gətirilməsi ola bilər.