Türkiyə Egey və Aralıq dənizi böhranının əvvəlində formalaşan, lakin Yunanıstan tərəfindən dağıdılan dialoqun qurulmasına isti yanaşır. 24-25 sentyabrda keçiriləcək Avropa Birliyi (AB) liderlərinin zirvə toplantısına qədər diplomatik masa ətrafında ilk təmasların baş verəcəyi ehtimal olunur.
Teleqraf.com xəbər verir ki, Şərqi Aralıq dənizində "Oruc Rəis" gəmisinin baxış üçün Antalya sahillərinə çəkilməsi ilə rəsmi Ankara problemin diplomatik yolla həllinə isti yanaşır.
Almaniyanın bu mövzuda vasitəçilik cəhdləri fonunda əvvəlcə aşağı, daha sonra yüksək səviyyəli görüşlərin başlaya biləcəyi güman edilir. Bu məsələdə Almaniyanın cəhdləri qarşılığında türk tərəfi “masaya oturub problemi dialoqla müzakirə etməyə hazırıq” mesajını verib. Ankara həmçinin dialoq masasına ilkin şərt irəli sürmədən oturulmasını vacib sayır.
Ankara Afina ilə dialoq masasında müzakirələr aparmağı önəmli hesab etdiyi halda Fransa heç bir halda danışıqlar prosesinə qoşulmayacaq bir davranış nümayiş etdirir. Almaniyanın Yunanıstanı razı salacağı təqdirdə Türkiyə və Yunanıstan rəsmiləri Berlində müzakirəyə başlaya bilər.
Bu ayın sonunda baş tutacaq AB-nin zirvə toplantısında Yunanıstan, Cənubi Kipr Respublikası və Fransanın Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi tələbi irəli sürəcəyi gözlənilir. Almaniyanın cəhdləri sayəsində sanksiya müzakirələrinin aradan qalxacağı ehtimalı da var. Yox, əgər AB-nin liderlərinin zirvə toplantısında Türkiyəyə qarşı sanksiya qərarı çıxarsa, Ankara Şərqi Aralıq dənizində fəaliyyətini sürətləndirməli olacaq.
Qeyd edək ki, məhz Almaniyanın vasitəçiliyi ilə buna qədər Yunanıstan və Türkiyə rəsmiləri bir araya gəlib.
Heyətlər arasında üç təməl prinsipinə dair razılıq əldə olunmuşdu. Ancaq sonradan Yunanıstan bu müzakirələri dayandırmışdı.