17 Noyabr 2020 17:05
6 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında İslamı hədəf alan sözləri ilə tənqid hədəfi olan Fransa Prezidenti Emmanuel Makron mətbuatda ona qarşı tənqidləri boğmaq və senzuraya məruz qoymaq strategiyasını davam etdirir. “Söz azadlığı” örtüyündə İslam və Məhəmməd Peyğəmbəri hədəf alan hər cür çirkinliyi bəyənən Makron özünə gəldikdə “bu həssaslığından” əsər-əlamət qoymadı.

Teleqraf.com “Haber 7”yə istinadən xəbər verir ki, “Nyu-York Tayms” qəzetinin yazarı Ben Smit “Prezident Amerika mediasına qarşı” adlı yazısında Fransa liderini söz azadlığını boğan pis nümunə kimi göstərib.

Mətbuatı senzuraya məruz qoyan Fransa prezidentinin təkcə tənqidi xəbər və məqalələrə deyil, həm də sosial mediadakı paylaşımlara görə də təzyiqlər etdiyi ortaya çıxıb.

İngiltərənin “Financial Times” qəzeti də, Makronun mətbuatı sərt senzuraya məruz qoyduğunu, özünə gəldikdə isə söz azadlığına o qədər də yumuşaq davranmadığını yazıb. Nəşr Fransa prezidentinin anti-İslam siyasətinin Fransanı iki yerə böldüyünə, müsəlmanları özündən uzaqlaşdırdığına da diqqət çəkib. Yazının dərc olunmasından dərhal sonra Makronun ofisinin telefon zəngi nəticəsində məqalə qəzetin saytından çıxarıldı. Səlahiyyətli şəxslər əvvəllər qəzetin belə bir müraciətlə qarşılaşmadığını bildirdilər. Makron qəzəbini cilovlaya bilməyib ertəsi gün qəzetdən çıxarılan - silinmiş məqaləni hədəf alan bir məqalə yazdı.

Oktyabr ayının sonunda “Politico Europe” jurnalında Fransa hökumətinin “sekulyar siyasət”ini tənqid edən bir məqalə də Makronun hədəfinə çevrildi. Fransa prezidentinin təzyiqi ilə “Fransanın təhlükəli dünyəvilik dini” adlı məqalə jurnalın saytından silindi. Üstəlik, jurnalın baş redaktoru dərc olunan məqaləyə görə Makrondan üzr istəmək məcburiyyətində qaldı.

“Söz azadlığının müdafiəçisi örtüyü”nə bürünən Makron sosial şəbəkələrdəki paylaşımlara da dözümsüzdür. Məsələn, “Associated Press” agentliyinin Tvitter səhifəsində paylaşılan “Fransa niyə İslam dünyasında qəzəbə səbəb oldu?” adlı bir tvit Fransanın reaksiyası nəticəsində silindi. Makron “New York Times” və “Washington Post” kimi qəzetlərin yayımladığı tvitləri də hədəfə alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər