Azərbaycanın tarixdə iz qoyan bir qələbə ilə 44 gündə Dağlıq Qarabağı işğaldan azad etməsinin əks-təsirləri davam edir. Qafqazda yeni bir səhifə açan bu qələbədən sonra bölgədə yeni bir tənlik qurulur.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Azərbaycan və Türkiyə arasında yeni bir qaz kəmərinin inşasına qərar verilib:
“İqdır və Naxçıvan arasında qurulacaq yeni boru kəməri ilə Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatı ödəniləcək. Yeni xətlə Naxçıvanın iqtisadiyyatı canlanacaq və bölgəyə fasiləsiz təbii qaz tədarükü təmin ediləcək".
“Yeni Şafak”a danışan professor Gürkan Kumbaroğlu yeni təbii qaz kəməri layihəsinin böyük strateji əhəmiyyətə sahib olduğunu söyləyib.
Naxçıvanın İrandan təbii qaz aldığını xatırladan Kumbaroğlu bildirib:
“Yeni boru kəməri ilə Naxçıvan qaz artıq Türkiyədən gələcək. Bu, regional tarazılıq baxımından əhəmiyyətlidir. Naxçıvan enerji sarıdan İrandan asılı idi, amma bu layihə sayəsində İran Dağlıq Qarabağ məsələsindən sonra Naxçıvan tənliyindən də çıxarılır. Naxçıvan Türkiyənin türk dünyasına açılan qapısıdır, türk dünyası ilə bütövləşdirən bir qapıdır”.
Bölgədə nəqliyyatla bağlı layihələrin də olduğunu dilə gətirən Kumbaroğlu belə deyib:
“Naxçıvan-Qars dəmir yolu xətti üçün imzalar atılıb. İnfrastruktur layihələrimiz türk dünyası ilə təmaslarımızı təmin etmək və bu bölgələrdə aktiv rol oynamaq üçün çox vacibdir. Bu layihələri türk dünyası ilə birləşdirsək həm enerji, həm də digər sahələrdə mühüm rol oynayacağıq.
Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında imzalanmış anlaşmaya görə, Naxçıvanı Azərbaycana birləşdirən bir dəhlizin çəkilməsi planlaşdırılır. Bu baş verərsə, həm Azərbaycanla Naxçıvan arasında əlaqə təmin ediləcək, həm də Xəzər dənizindən Türkiyəyə enerji boru kəmərləri 300 km-ə qədər qısaldılacaq”.