18 Dekabr 2020 12:14
11 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Məclisində qəbul olunaraq Senata təqdim edilən qanun layihəsi təhlükəsizlik və ya hüquq mühafizə orqanlarının əməkdaşlarının çəkilişini qadağan edən məzmununa görə tənqid olunmağa davam edir.

Teleqraf.com xəbər verir ki, Avropa Şurası İnsan Hüquqları Komissiyasının rəhbəri Dunya Miyatoviç Senatın sədri Cerard Larçer və sözügedən qurumun Hüquq Komitəsinə etiraz məktubu göndərib.

Senatorları qanun layihəsinin təhlükəsizlik orqanlarının əməkdaşlarının çəkilişini qadağan edən 24-cü maddəsini ləğv etməyə çağıran Miyatoviç bildirib:

“Bu qadağa mətbuat və söz azadlığının pozulması deməkdir, cəmiyyətlə təhlükəsizlik orqanları arasındakı inamı aradan qaldıra bilər. Bu, təhlükəsizlik orqanlarının qorunmasına kömək edə bilməz”.

Avropa İnsan Haqları Məhkəməsinin nümayişlər barədə məlumatların obyektiv şəkildə cəmiyyətə ötürülməsində medianın əhəmiyyətli rolunu qəbul etdiyini xatırladan Moyatoviç qeyd edib ki, hazırda Fransada qüvvədə olan bir çox qanun təhlükəsizlik orqanlarını kifayət qədər yaxşı müdafiə edir.

Miyatoviç vurğulayıb ki, layihədə şəxsi həyatın qorunmasına dair müddəalar gücləndirilməlidir. Bu çərçivədə ictimai yerlərdə kamera görüntülərinə giriş şərtlərinin daha sərt məhdudlaşdırılmalı olduğunu deyən Miyatoviç kameralar vasitəsilə izlənilən insanların haqları və əsas azadlıqlarının təmin edilməli olduğunu bildirib.

O hesab edir ki, bu kameralardan istifadə beynəlxalq normalara uyğun olmalıdır.

Bir cinayətin baş verməsi və ya edilməsi ehtimalı böyük olduğu təqdirdə kameralardan istifadə edilməli olduğunu söyləyən Miyatoviç təhlükəsizlik orqanları ilə cəmiyyət arasındakı əlaqəni gücləndirmək üçün hər iki tərəfin hüquqlarının qorunmasının lazım olduğunu qeyd edib.

Milli Məclisdə qəbul edilən və Senata təqdim edilən qanun layihəsi ölkədə etirazla qarşılanıb. Layihənin mətbuat azadlığını pozduğu, vətəndaşlara qarşı polis zorakılığını artıra biləcəyi səbəbiylə tənqid olunur.

Nümayişlər zamanı hüquq mühafizə orqanlarının əməkdaşlarının görüntülərini yayımlayanlara 1 il həbs cəzası və 45.000 avroya qədər pul cəzası nəzərdə tutan qanun layihəsi çərçivəsində pilotsuz uçan aparatların, habelə təhlükəsizlik orqanlarının əməkdaşlarının vəzifələrini yerinə yetirərkən istifadə etdikləri kameraların insanları izləmək üçün istifadə edilə biləcəyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər