Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda irəli sürdüyü “Altılıq” platforması bölgədə daimi sülhün zəmanəti ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyində dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd edilir ki, son zamanlar Azərbaycan və Türkiyə rəsmilərinin Ermənistanla əlaqələr haqda verdikləri açıqlamalar problemlərin birdəfəlik həlli, regional əməkdaşlıq və bölgənin gələcəyi baxımından yeni ümidlər yaradır:
“Əlbəttə, bunlar o zaman baş verəcək ki, Ermənistan özünə də zərər verən mövqeyindən geri çəkiləcək və irəliyə doğru müsbət addımlar atacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradı ilə əlaqədar getdiyi Bakıda həm Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında, həm də paradda çıxışı zamanı Ermənistanla münasibətlər məsələsi ilə bağlı önəmli açıqlamalar verdi.
Prezident Ərdoğan bölgədə qurulması arzu edilən “Altılıq” platformasının hər kəsin qazanacağı təşəbbüs olduğunu, Ermənistanın da bu prosesə qatılaraq müsbət addımlar atmasının Türkiyə-Ermənistan əlaqələrində yeni bir səhifənin aça biləcəyini dedi. Türkiyənin qapılarını Ermənistana bağlamaq kimi bir dərdinin olmadığını, Ermənistan xalqına kinli olmadığını, sülhün və əməkdaşlığın mümkün ola biləcəyini, bunun üçün Ermənistanın təcavüzkar bəyanat və siyasətlərindən imtina etməsinin vacibliyini vurğuladı.
Xatırladaq ki, Ərdoğan hələ 2008-ci ildə də Qafqaz Təhlükəsizlik Paktı (Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması) təklifini irəli sürmüş, Rusiya, Azərbaycan və Gürcüstana səfər edərək bu təşəbbüsünə dəstək əldə etmişdi. Lakin Rusiya-Gürcüstan savaşından sonrakı gərginlik, Türkiyə-Rusiya münasibətlərinin durumu, ABŞ başda olmaqla Qərb ölkələrinin bu təşəbbüsə isti baxmaması və bu günlə müqayisədə həmin dönəmdə Türkiyənin bölgədəki nüfuz dairəsinin zəif olması səbəbiylə bu təklif həyata keçməmişdi.
Məsələ ilk dəfə 1999-cu il oktaybrın 18-də dönəmin prezidenti Süleyman Dəmirəl tərəfindən ATƏT-in zirvəsində gündəmə gətirlsə də, sonradan arxa plana atılmışdı”.
Məqalədə vurğulanıb ki, Türkiyə liderinin təklifinə ilk dəstək Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib: “Azərbaycan Prezidenti İlham Əliyev birgə mətbuat konfransında bölgədəki üçtərəfli əməkdaşlıq platformalarını (Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran və Türkiyə-Rusiya-İran) nümunə göstərərək bu əməkdaşlıq formatlarının ümumi bir formata çevrilməsinin mümkün olduğunu dedi. Eyni zamanda, Ermənistanın son savaşdan dərs alacağı və gələcəyə daha məntiqli baxacağı təqdirdə onun da bu formatda yer ala biləcəyini vurğuladı”.
Məqalədə bildirilib ki, Ermənistan qonşularına qarşı təcvüzkar siyasətini dəyişdirmədən və qonşularının ərazi bütövlüyünə hörmət etmədən Türkiyə-Ermənistan əlaqələrinin bərpası mümkün olmayacaq:
“Əlaqələrin bərpası yalnız Ermənistanın beynəlxalq hüquqa və xoşniyyətli qonşuluq əlaqələrinə uyğun davranacağı təqdirdə mümkün ola bilər. Ermənistan dəfələrlə Qərb dövlətlərinin dəstəyi ilə Türkiyəyə təzyiq etməyə çalışıb, amma bu səylərinin hamısı nəticəsiz qalıb. Əlaqələrin gələcəyi üçün Ermənistan qonşularına ərazi iddialarından imtina etməli, rəsmi sənədlərdə Türkiyənin ərazi bütövlüyünü heç sayan ifadələrdən çəkinməlidir. Bunlar edilsə, şübhəsiz ki, Ermənistan da daxil olmaqla, bölgə ölkələri arasında əməkdaşlıq gücləndirilə, Qafqaz sülh, sabitlik və rifah bölgəsinə çevrilə bilər.
Əks təqdirdə, Türkiyə və Azərbaycan illərdir həyata keçirdikləri layihələri davam etdirərək, bunlara yenilərini əlavə etməyə davam edəcək. İtirən isə sadəcə bu layihələrin kənarında qalaraq özünü təcrid edən, bəyanat və addımları ilə bölgə xaricində olan qüvvələrin regiondakı imperialist siyasətlərinə kömək edən Ermənistan olacaq”.