ABŞ Prezidenti Donald Trampın 2007-ci ildə İraqda 17 mülki şəxsin öldürülməsində iştirak edən 4 muzdlu hərbçini bağışlanması reaksiyalara səbəb olub.
Teleqraf.com xəbər verir ki, Tramp səlahiyyət müddətinin son ayında 15 nəfərə amnistiya və 5 nəfərə cəza endirimini nəzərdə tutan prezident qərarını açıqlayıb.
Trampın bağışladığı adlar arasında 2007-ci ildə İraqın paytaxtı Bağdadda 17 mülki şəxsin öldürülməsində iştirak edən “Balckwater” təhlükəsizlik şirkətinin üzvləri Nikolas Slatten, Paul Sloç, Evan Liberti və Dastin Hard da var.
Sosial şəbəkə də mühakimə olunduqları məhkəmələrdə uzun müddət həbs cəzası alan 4 keçmiş muzdlunun bağışlanmasına kəskin reaksiya verilib.
Reaksiya verən bir çox insan İraqdakı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına qarşı böyük bir haqsızlıq edildiyini bildiriblər.
“Human Rights Watch”-un Yaxın Şərq idarəsinin keçmiş rəhbəri Sara Uatson Tvitter hesabında hücumda ölən 9 yaşlı iraqlı Əliyə istinad edərək bildirib: “Əli üçün ədalət yoxdur. O zaman niyə bizə nifrət etdiklərini soruşuruq?”.
“Wall Street Journal”-ın müxbiri Ceyms Qrimaldi də ABŞ prezidentinin qərarına etiraz edib: “Tramp “Blackwater”in keçmiş əməkdaşlarını bağışladı. Amma bu işə baxan prokuror hücumda günahsız kişilərə, qadınlara və uşaqlara qarşı silahlardan necə istifadə edildiyini demişdi”.
2007-ci ildə “Blackwater” özəl təhlükəsizlik şirkətində işləyən dörd keçmiş muzdlu “qəsdən adam öldürmə” də daxil olmaqla müxtəlif ittihamlarla həbs edilmişdi. 2015-ci ildə elan edilən qərara görə, qırğında ilk tətiyi basan şəxs kimi qeydə alınan Slatten ömürlük, digər 3 nəfər isə 30 il həbs cəzasına məhkum olunmuşdu.
“Blackwater” İraqdakı döyüş bölgələrində ABŞ Dövlət Departamentinin əməkdaşlarını qorumaq üçün Amerika hökuməti tərəfindən işə götürülüb.
Mənsur Rəğbətoğlu