Xuliqanlar Fransada yeni il gecəsində 861 avtomobil yandırıblar ki, bu da keçən ildəkindən 41% azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
Bundan əvvəl fransız mətbuatı yeni il gecəsində komendant saatının tətbiq edilməsinə nəzarət üçün Fransada ən azı 100 min polis və jandarmın səfərbər ediləcəyini bildirmişdi.
Radiostansiya qeyd edir ki, avtomobillərin yandırılması ilə bağlı rəqəmlər Fransa Daxili İşlər Nazirliyinin yeni il gecəsində yaşanan hadisələrlə bağlı relizində göstərilməyib. İş ondadır ki, Fransa Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen “hər hansı müqayisə aparılması elementinin qarşısını almaq üçün” perfektlərə yerli səviyyədə bu məlumatları açıqlamağı qadağan edən məktub göndərib.
Bununla belə radiostansiyanın tanış olduğu ölkə polisi və jandarm orqanlarının məlumatına görə, yanvarın 1-nə keçən gecə naməlum şəxslər Fransa daxilində 861 avtomobil yandırıblar. Halbuki keçən il rekord sayda yandırılma hadisəsi olub – 1457.
Fransa ikinci koronavirus epidemiyası fonunda 30 oktyabrdan bəri yenidən karantin elan olunub. Dekabrın 15-dən sonra isə ölkədə karantin saat 20:00-dan 06:00-dək davam edən komendant saatı ilə əvəz edilib.