Türkiyədə bir qadın əmisi oğlu ilə evlənmək məcburiyyətində qalıb, ancaq sevgilisi ilə qaçıb. Daha sonra ailə cütlüyü guya barışıq yeməyinə dəvət edib, əvəzində hər ikisini öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bayramozu kəndindən olan 24 yaşlı bir qızın əmisi oğlu ilə dini nikah bağlamağı tələb edən qohumlarının təzyiqinə məruz qaldığı bəlli olub. Təzyiqlərdən yayınmaq istəyən qız sevgilisi ilə birlikdə qaçıb.
Yaxınlıqdakı qəsəbədə yaşayan cütlük Yeni il gecəsi üçün gələndə ailə onları barışıq yeməyinə dəvət edib. Bunun əvəzinə gənclər bıçaqlanaraq öldürülüb. Gəncin qətldən əvvəl təcavüzə uğradığı bildirilib. Sonra cəsədləri kəndin kənarında dəfn edilib.
Qohumlar polis tərəfindən nəzarətə alınıb və cəsədlərin gizlədildiyi yeri göstərərək törətdikləri cinayəti boyunlarına alıblar. Cəsədlərin tapılmasından sonra qızı qohumu ilə evlənməyə məcbur edən atası, qardaşı, əmisi oğlu və digər iki qohum həbs olunub.