ABŞ özünə rəqib və düşmən ölkələr kimi qəbul etdiyi Çin və Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, rusiyalı senator Aleksey Puşkov ABŞ-ın yeni seçilmiş prezident Co Bayden dövründəki xarici siyasətini bu cür proqnozlaşdırıb.
Siyasətçinin fikrincə, Amerikanın yeni lideri ilk növbədə getdikcə daha inadkar olan Çinlə qarşı-qarşıya gəlməyi planlaşdırır. Eyni zamanda, Vaşinqtonda hədəflərə çatmaq üçün müttəfiqlərin lazım olduğunu başa düşürlər: “Bu, Çin və Rusiyanın təmsil etdiyi "avtoritar rejimlər"ə qarşı qlobal demokratiya koalisiyası qurmaq ideyasıdır”.
Puşkov Rusiyaya qarşı NATO adı altında belə bir koalisiyanın onsuz da mövcud olduğuna, Çin əleyhinə də ittifaq yaratmaq lazım gələcəyinə diqqət çəkib.
Senator ABŞ-ın Asiya ölkələri üzərində təsirini genişləndirməyə başlaya biləcəyini düşünür. Bundan əlavə, Qərb alyansı ilə Rusiya və Çin arasında yerləşən Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa (xüsusən Belarus və Ukrayna) dövlətləri də prioritetdir.
Aleksey Puşkov güman edir ki, məhz bu ölkələrin ərazilərində liberal-demokratik və avtoritar dünya nizamı növləri arasında fəal şəkildə seçim ediləcək.