ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin 50 ştatında silahlı nümayişlər keçiriləcəyini elan etdikdən sonra hərbi qüvvələr “həyəcan” vəziyyətinə gətirilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 20-də yeni prezidentin andiçmə mərasimindən əvvəl paytaxt Vaşinqtonda gərginlik artıb.
Keçən həftə ABŞ Konqresindəki hadisələrdən sonra Prezident Donald Trampı dəstəkləyən qruplar yeni dövlət başçısı Co Baydenin andiçmə mərasimi zamanı Vaşinqtonda nümayiş keçirəcəklərini açıqlayıblar və bu da şəhərdə ən yüksək təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olub.
Milli Qvardiya İdarəsinin generalı Daniel Hokanson mətbuat konfransında Vaşinqtondakı növbətçi hərbi qüvvələrin sayını 15.000-ə yüksəldə biləcəklərini açıqlayıb.
Milli Qvardiyanın hansı ştatlara dislokasiya ediləcəyi barədə açıqlama verməyən general Hokanson, ABŞ Park Polisi, Gizli Xidmət və Konqres Polisinin onlardan möhkəmlətmə tədbirlərini artırmalarını istədiklərini vurğulayıb.
Paytaxtda hökumət binası başda olmaqla bir çox turizm məkanının insanlar üçün bağlanacağı bildirilib.