İsrailin ötən gün Suriyanın şərqindəki Deyr əz-Zora hücumu zamanı Bəşər Əsəd rejimi ilə birlikdə İran İnqilab Keşikçiləri Korpusuna bağlı qruplaşmanın 60 silahlısı ölüb.
Teleqraf.com xəbər verir ki, İsrail qırıcıları Deyr əz-Zor şəhər mərkəzini, ətrafındakı bəzi hərbi nöqtələri və silah anbarlarını vurub.
Hücum zamanı İran tərəfindən dəstəklənən silahlı qrupun 49 nəfəri öldürülüb. Əsəd ordusunun isə bir polkovniki daxil olmaqla, 11 əsgəri bu hücumdan xilas ola bilməyib.
Suriyanın rəsmi SANA agentliyi Deyr əz-Zora edilən hücumdan İsraili günahkar elan edib.
Məlumat üçün deyək ki, İraq-Suriya sərhədində yerləşən Deyr əz-Zor İrandan Livana uzanan quru yol əlaqəsini təmin edən şəhər sayılır. Həmçinin İraq və İordaniyadan gələn boru xətləri və ticarət yolları buradan keçir. İŞİD-in əlində olan bu strateji əhəmiyyətli yer 2017-ci ildə Əsədin nəzarətinə keçib. Qeyd edilir ki, İrana yaxın olan silahlı qrupar məhz bu ərazidə varlığını nümayiş etdirir.