ABŞ Prezidenti Co Baydenin dövlət katibi vəzifəsinə namizədi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışı zamanı ölkəsinin Ermənistanın təhlükəsizlik ehtiyacları və Dağlıq Qarabağda davam edən humanitar böhranın qarşısını almaq üçün maliyyə yardımı ayırması təklifini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, senatorların suallarını cavablandıran Blinken dövlət katibi postuna təyin olunacağı təqdirdə, Ermənistana yardım edəcəyini vurğulayıb.
Blinken çıxışında Azərbaycana qarşı təxribatçı fikirlərə yer verib və aşkar şəkildə işğalçı Ermənistanın tərəfində durduğunu nümayiş etdirib:
“Keçən payızda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların bərpası, Dağlıq Qarabağ və onun ətrafında humanitar böhranın davam etməsi məni çox narahat edir. ABŞ-ın Dağlıq Qarabağdakı minalardan təmizlənməsi səylərini maliyyələşdirməsini qətiyyətlə dəstəkləyirəm. Təsdiqlənərsə (dövlət katibi vəzifəsinə), Konqreslə, eləcə də USAID və BMT kimi beynəlxalq təşkilatlarla və müttəfiqlərimizlə və tərəfdaşlarımızla bölgədəki humanitar məsələləri həll etmək üçün çalışacağam”.
O qeyd edib ki, Ermənistanda demokratik idarəetməni gücləndirmək və iqtisadi böyüməni təşviq etmək üçün təhlükəsizlik və maliyyə yardımı verilməsi təklifini dəstəkləyir: “Bu, Ermənistanın təhlükəsizliyini və möhkəmliyini gücləndirməyə kömək edəcək. Bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatların fonunda rəhbərliyimiz Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək. Təsdiqlənərsə, Ermənistan və bölgənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün lazımi səviyyədə yardım təyin etmək üçün Konqres və müdafiə naziri ilə birlikdə çalışacağımı səbirsizliklə gözləyirəm.
Prezident (Co Bayden) dedi ki, ABŞ avropalı tərəfdaşlarımızla işləyərək münaqişəyə qalıcı bir həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və beynəlxalq humanitar yardım göstərməlidir. Təsdiqlənərsə, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və müharibənin yenidən başlamasının qarşısını alan qəti şəkildə axtarışları gücləndirəcəyəm. Bura ABŞ-ın həmsədri olduğu Minsk Qrupu vasitəsilə fəaliyyətimizi gücləndirmək və üçüncü tərəflərin bundan sonrakı müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işlər də daxildir”.
Blinken Azərbaycana qarşı 907-ci düzəlişin yenidən işə düşməsi ehtimalına da toxunub:
“Bu yaxınlarda Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar olaraq, Bayden-Harris administrasiyası Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək. Vəziyyət tələb edərsə, Bayden-Harris administrasiyası 907-ci düzəlişin tətbiq edilməsinə hazır olacaq”.