24 Yanvar 2021 08:39
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyada ilin əvvəlində aşkarlanmış koronavirusun mutasiya olunmuş forması çox sürətlə yayılır və yəqin ki, daha təhlükəlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinqdə baş nazir Boris Conson bəyan edib.

“Bu gün bizə bildiriblər ki, daha sürətlə yayılan yeni variantın - Londonda və ölkənin cənub-şərqində aşkarlanan variantın – tez-tez baş verən ölüm hallarına səbəb ola biləcəyinə dair dəlillər var”, - deyə B.Conson söyləyib.

O, hazırlanmış vaksinlərin koronavirusun hər iki variantına qarşı təsirli olduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı həftənin əvvəlində Britaniyada aşkarlanmış koronavirusun yeni variantının artıq dünyanın 60 ölkəsinə yayıldığını bəyan edib.

ÜST-də hesab edirlər ki, Britaniya ştammının yüksək ölüm dərəcəsi səhiyyə sisteminin həddindən artıq yüklənməsi ilə bağlı ola bilər. Bunu ÜST-nin Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Mariya Van Kerkxove bildirib.

“Əgər sizdə virusun ötürülmə sürəti artırsa, onda yoluxma halları daha da çoxalacaq. Bu, aşkar görünə bilər. Çünki yoluxma halları artdıqca, xəstəxanalar daha çox yüklənir... Səhiyyə sisteminin həddindən artıq yükləndiyi vəziyyətdə ölüm halları çoxalır”, - deyə Van Kerkxove brifinq zamanı söyləyib.


Müəllif: Teleqraf.com