“Azərbaycandan keçməklə Ermənistandan Rusiyaya yeni dəmir yolunun çəkilməsindən sonra Gürcüstan əvvəlki tranzit xəttini itirə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni şərqşünas Karina Gevorqyan deyib.
O, tanınmamış Abxaziya respublikasının öz ərazisindən Ermənistana dəmir yolu xətti açmaq təklifinə münasibət bildirib.
Gevorqyan deyib ki, Abxaziyanın öz ərazisindən Ermənistana dəmir yolu açması üçün Rusiyaya ünvanladığı təklif kifayət qədər perspektivlidir, lakin yalnız siyasi məsələlərin həlli ilə həyata keçirilə bilər:
“Gələcəkdə nəqliyyat xətlərinin şaxələndirilməsi istənilən tərəf üçün faydalıdır. Çünki başa düşürük ki, bu gün üçtərəfli bəyanat imzalandıqdan, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yeni bir dəmir yolu açıla bilər”.
Onun sözlərinə görə, bu halda Gürcüstan Ermənistandan keçən tranzit xəttini itirə bilər.
Ekspert qeyd edib ki, Abxaziyanın təklifi Gürcüstanda birmənalı qarşılanmayıb.
Onun sözlərinə görə, bunun həyata keçirilməsi üçün mövcud reallığı nəzərə alaraq, Gürcüstanla danışıqlar aparmaq lazımdır.
Gevorqyan Qarabağ hadisələrindən sonra bölgə ölkələrinin tranzitdən qazanclarını itirməmək üçün daha aktiv olduqlarını qeyd edib.
Bundan əvvəl tanınmamış Abxaziya Respublikasının parlamenti Rusiya Dövlət Dumasına öz ərazilərindən Rusiya və Ermənistan arasında dəmir yolunun çəkilməsi üçün müraciət ünvanlayıb.
Qeyd edək ki, Gürcüstan hökuməti Abxaziyanın Rusiya tərəfindən işğal olunduğunu əsas gətirərək, əvvəllər də dəfələrlə irəli sürülmüş təklifi qəbul etməyib. Hələlik rəsmi Tiflisdən son təkliflə bağlı açıqlama verilməyib.