23 Fevral 2021 09:05
3 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə basketbolunun ən məşhur simalarındandır.

Rasim Başak — Azərbaycan və Türkiyənin peşəkar basketbolçusu.

Rasim uzun illər Türkiyə millisinin və ən güclü yerli klubların heyətində qardaş ölkənin uğurları üçün tər töküb.

Rasim Başak 1980-ci il fevralın 17-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Rasimin atası azərbaycanlı, anası rusdur. Türkiyə vətəndaşlığını qəbul edən basketbolçu karyerası ərzində hücum mövqeyində oynayıb.

Boyu 2.01 metr, çəkisi 100 kiloqramdır.

2003-cü ildə Basketbol üzrə Avropa Çempionatında Türkiyə millisinin heyətində yer alan Rasim buna baxmayaraq, bu turnirdə meydana çıxmaq fürsəti tapmayıb. Karyerasının ilk illərində fiziki hazırlığı qənaətbəxş olmasa da, ribaundlarda özünü yaxşı tərəfdən göstərən Rasim Başak sonrakı illərdə “Fənərbaxça” klubunun formasını geyinməyi bacarıb.

Oynadığı klublar

2009-cu il iyunun 14-də pley-off mərhələsində keçirilən “Efes Pilsen” – “Fənərbaxça” matçında hakimlər masasına təpik vurduğuna, yersiz sözlər işlətdiyinə və davranışlara yol verdiyinə görə 6 oyunluq meydandan kənarlaşdırılıb.

2012-ci ildə “Trabzonspor” klubuna transfer olunub. 2012-2013-cü illər sezonunda aşağı liqada çıxış edən “Trabzonspor”un heyətində çempion olaraq, Türkiyənin əsas Basketbol Liqasında oynamağa vəsiqə qazanıb.

Rasim Başak karyerası ərzində “Oyak Renault” (1999-2003), “Fənərbaxça” (2003-2010), “Türk Telekom” (2010-2011), “Antalya” (2011-2012) və “Trabzonspor” (2012-2013) klublarının formasını geyinib.

Uğurları

2002-ci ildə Türkiyə İkinci Liqa çempionu

2005-ci ildə “FIBA EuroCup Challenge”-nin final mərhələsi

2007-ci ildə Türkiyə Prezident Kubokunun qalibi

2007-ci ildə Türkiyə Basketbol Liqasının çempionu

2008-ci ildə Türkiyə Basketbol Liqasının çempionu

2010-cu ildə Türkiyə Basketbol Liqasının çempionu

2010-cu ildə Türkiyə Kubokunun qalibi

2013-cü ildə Türkiyə İkinci Liqa çempionu


Müəllif: Mənsur Rəğbətoğlu