Şimali Koreya liderinin bacısı Kim Yo-Çjon dövlət mediasında yayımlanan açıqlamasında ABŞ və Cənubi Koreyanı birgə hərbi təlimlərə görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, Kimin açıqlaması ABŞ-ın ən yüksək vəzifəli rəsmilərinin Seula səfərindən bir gün əvvəl yayımlanıb.
“Bu, barıt qoxusunu torpaqlarımızdan okeana doğru yaymağa çalışan ABŞ-dakı yeni rəhbərliyə tövsiyədir. Qarşıdakı dörd ildə sakitlik içində yatmaq istəyirsinizsə, ilk addım olaraq problem yaratmasınlar”, - açıqlamada qeyd edilib.
Kim birgə təlimləri ölkəsinin işğalına hazırlıq kimi qəbul etdiklərini deyib: “Cənubi Koreya yenidən böhran və müharibə yürüşünü seçdi”.
Kim Yo-Çjon Şimali Koreya liderinin kiçik bacısı, eyni zamanda, onun ən yaxın və ən güclü müttəfiqidir.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Austinin Yaponiya və Cənubi Koreyaya səfər edib.
Gələn ay ABŞ Prezidenti Co Baydenin Şimali Koreya siyasətini açıqlayacağı gözlənilir.